“Sabah” klubunun kapitanı Elvin Camalovun futbolinfo.az saytına müsahibəsi
– Premyer Liqanın 27-ci turunda səfərdə “Zirə” üzərində 2:0 hesablı qələbə qazandınız. Matçla bağlı düşüncələriniz nələrdir?
– Çətin oyun oldu. “Zirə” ilə bütün görüşlərimiz ağır keçir. Səfərdə 3 xal qazansaq da, heç də asan alınmadı. Fasilədən sonra da olsa, bizə lazım olan qolları vuraraq, qələbə qazanmağı bacardıq. Qalib gəldiyimiz üçün şadam.
– İkinci hissədə 10 dəqiqə ərzində 2 qol vuraraq istəyinizə çatdınız. İlk yarıda bunu reallaşdırmaq üçün nə çatmadı?
– Dediyim kimi, “Zirə” ilə matçlarımız hər zaman çətin keçir. Bu dəfə də istisna olmadı. Birinci hissədə fərqlənə bilməməyimizdə rəqibin oyunu mühüm rol oynadı. Fasilədə məşqçilər öz göstərişlərini verdilər. Biz də meydanda bu tapşırıqları yerinə yetirərək, meydandan 3 xalla ayrıldıq.
– Qış fasiləsindən sonra müəyyən eniş yaşasanız da, son 3 oyunda qələbə qazandınız. “Sabah”ın yenidən əvvəlki formasını bərpa etdiyini demək olar?
– Deməzdim ki, qış fasiləsindən sonra eniş yaşamışdıq. Yeni ildə keçirdiyimiz ilk 3 görüşdə qol buraxmadan qalib gəldik. Düzdür, ardından 2 matçda məğlub olduq. Lakin bunu enişlə əlaqələndirməzdim. Mövsüm uzundur. Bütün qarşılaşmaları eyni səviyyədə keçirmək mümkün deyil. Şadam ki, bu məğlubiyyətlərdən sonra bizə lazım olan qələbələri qazanmağı bacardıq.
– Pik forma yığdığınız bir vaxtda çempionatda fasilənin yaranmasını komanda üçün mənfi hal saymaq olar?
– Bu fasilə təkcə bizim yox, bütün komandalar üçün keçərlidir. Düşünürəm ki, fasilədən sonra da eyni tempdə davam edə bilərik.
– Turnir cədvəlinin 4-cü pilləsindəki “Zirə”ni artıq 25 xal qabaqlayırsınız və avrokuboklara vəsiqəni böyük ehtimalla təmin etmisiniz. Sizcə, hazırkı heyət avrokuboklarda qrup mərhələsinə qədər irəliləyə bilərmi?
– Bu barədə danışmaq üçün hələ tezdir. Bizim əsas məqsədimiz hər matçdan maksimum nəticə ilə ayrılmaqdır. Çempionat görüşündə meydana çıxanda turnir cədvəlini, rəqiblərimizin və özümüzün xallarını yox, məhz bunu düşünürük. Yalnız onu deyə bilərəm ki, uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik.
– Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin ilk iki oyununda martın 24-də Avstriya, 27-də isə İsveçin qonağı olacaq. Milli üzvü olaraq bu görüşlərdən nə gözləyirsiniz?
– Əlbəttə ki, çətin olacaq. Hər iki rəqib böyük futbol ənənəsi olan ölkə təmsilçisidir. Yığmaları daim yaxşı nəticələri ilə seçilib. Ancaq bu gün Avropada zəif rəqib yoxdur. İnkişaf etmək üçün hər bir komanda ilə mübarizə aparmağı bacarmalıyıq. Üstəlik, millinin forması altında meydana çıxırsansa, rəqibin adının fərqi olmamalıdır. Meydana çıxıb, sona kimi var qüvvəmizlə mübarizə aparmalıyıq.
– Milli son 5 oyunda ardıcıl qələbə qazanıb. Uğurlu seriyanı davam etdirmək baxımından bu təqvimi uğursuz saymaq olar?
– Onsuz da qrupdakı bütün rəqiblərlə qarşılaşacağıq. Kiminlə əvvəl, kiminlə sonra görüşməyin elə bir fərqi yoxdur. Meydandan yaxşı nəticə ilə ayrılmaq üçün maksimum gücümüzlə çalışacağıq.
– “Sabah”la “Beşiktaş” arasında xeyriyyə xarakterli yoxlama görüşünün təşkili planlaşdırılır. Belə bir oyuna münasibətiniz necədir?
– Məncə, çox yaxşı təşəbbüsdür. Qardaş ölkədə baş vermiş fəlakət hər birimizi çox kədərləndirdi. Fikrimcə, belə oyunla orada fəlakətdən zərər görən insanlara az da olsa, kömək etmək gözəl təşəbbüsdür. Bundan əlavə, “Beşiktaş” kimi Türkiyənin köklü klubunun oyununu Bakıda canlı izləmək azərbaycanlı futbol həvəskarları üçün də çox maraqlı olar.
FƏRİD