“Qəbələ”nin qələbəsinə “Səbail” hamıdan çox sevinməlidir. Bayıl təmsilçisinin Premyer Liqada qalmaq ümidlərinin ölməməsi, vəziyyətinin çətinləşməməsi üçün bu gün “Şamaxı”nın xal qazanmaması lazım idi.

Sensasiya baş vermədi. Qəbələlilər ilk yarıda vurduqları qollarla rəqib qarşısında ciddi üstünlük qazandı və qalan dəqiqələrdə 3 xalı təmin etməyi bacardılar. Əzmkarlığına öyrəşdiyimiz “Şamaxı” isə bu dəfə faktiki heç nə göstərə bilmədi və layiq olduğu məğlubiyyətlə barışdı.

“Qəbələ” qələbə sayəsində 4-cü pillədəki “Zirə” ilə xal fərqini də minimuma endirdi. 2023-cü ildə istədiyi nəticələri qazanmayan komanda həm qələbə həsrətinə son qoydu. 3 oyunluq seriyadan sonra yenə evdə 3 xalı bayram edən “qırmızı-qaralar” fasiləyə rahat gedə bilər. Lakin 4-cü dövrə bölgə təmsilçisi üçün ağır qrafiklə başlayacaq. Ardıcıl 3 matçda özündən öndəki rəqiblərlə görüşəcək “Qəbələ” kubokun yarımfinalında da irəliləməyə çalışacaq.

Misli Premyer Liqasında 3-cü dövrə son 3 pillədə qərarlaşan komandalar üçün uğursuz bitdi. Düzdür, “Səbail” turu xalla başa vurdu, lakin ev oyununda qəlbə qazanmamağı yaxşı nəticə hesab etmək olmaz. İstənilən halda, məğlubiyyətlə yadda qalan “Sumqayıt” və “Şamaxı” ilə müqayisədə “dənizçilər” tam narazı qalmamalıdır.

Millinin oyunlarına görə yaranan fasilə son nəfəsdərmə imkanıdır. Kimin necə hazırlaşdığı mövsümün son iki ayında bilinəcək.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp