London böyük şou ərəfəsindədir. UFC 286 turnirinin əsas döyüşü Kamara Usmanla Leon Edvards döyüşüdür.
Amma bizi başqa döyüş maraqlandırır. Yüngül çəkidə ən maraqlı döyüşçülər – Castin Getji ilə həmyerlimiz Rafael Fiziyev qarşılaşır.
Mətbuat konfransında Getji Fiziyevi xeyli tərifləyib: “Elə bir döyüş gözləyirəm ki, arenanın tavanı yerə uçulsun. Biz sizə gözəl şou ərməğan edəcəyik. Rafael ideal rəqibdir. Məhz belə bir rəqibi arzulayırdım. Məşqçimizlə xüsusi plan hazırlamışıq. Döyüşü nəzarətdə saxlayacağıq. Yenə də rəqibi əzməyə çalışacağam. Çünki bu, mənim fəlsəfəmdir”.
Fiziyevin məşqçisi Frenk Hikman isə öz yetirməsinin qələbəsini gözləyir: “Güləş məşqçisi olduğuma görə öz yetirmələrimi ən ağır ssenariyə hazırlayıram. Rəqibin güləşçi olub-olmadığından asılı olmayaraq. Əgər Getji güləşmək istəsə, Rafael buna çox şad olacaq. O, nəinki zərbələrdə, həm də güləşməkdə mahirdir. Bunu hər kəs görüb. Rafael teykdaunları qarşılayıb özü də onları həyata keçirməyi bacarır. MMA-da sən hərtərəfli hazır olmalısan. Fikrimcə, Rafael döyüşə nəzarət etməlidir. Əlbəttə ki, ayaqda mübarizədə o özünü hazırda əla hiss edir. Qalır oktaqona daxil olub Getjiyə ağır dəqiqələr yaşatmaq”.
Fiziyev məşqçisindən bir qədər də irəli gedərək daha cürətli sözlər söyləyib: ”Qarşımda güclü bir Getji gözləyirəm. Buna ümidim var. Çünki mən qan istəyirəm. Ora gəlib öz işimi görəcəyəm. İlk zərbədən sonra ikincini vurmağıma ehtiyac qalmayacaq. Mən onun ürəyini aparacağam”.
Getji bugünə qədər keçirdiyi 27 döyüşün 23-də qalib olub. Fiziyev isə 13 döyüşün yalnız birində məğlubiyyətə uğrayıb. Son illərdə bəlkə də ilk dəfədir ki, yüngül çəkidə belə maraqlı qarşılaşma gözlənilir. Bunun bir neçə səbəbi var. Əvvəla Castin MMA tarixinin ən maraqlı döyüş keçirən idmançılarından biridir. Çünki bu döyüşçü zərbə buraxmaqdan qorxmur. Yəni Castin müdafiəyə fikir vermir. Buna görə də tamaşaçılar, fanatlar onu sevirlər. Elə buna görə də bu qədər zərbə buraxan Getjinin özündən gənc idmançıya necə müqavimət göstərəcəyi maraq doğurur. Buvaxta qədər hələ heç vaxt Castin özündən 4 yaş cavanla UFC-də qarşılaşmayıb.
Başqa bir maraqlı məqam Getjinin bugünə qədər həvəskar karyera ərzində bu qədər döyüş keçirən rəqibinin olmamasıdır. Rafaelin aktivində yüzlərlə muay-tay və kikboksinq döyüşləri var. Həmçinin, əlavə etmək olar ki, həmyerlimizin zərbələri UFC-də ən güclülərdəndir. Xüsusilə də sol çəpəki zərbə bəzən sarsıdıcı olur. Rafael həm də daha geniş arsenala sahibdir. O, əllə zərbələrdən başqa ayaqla da işləməyi bacarır. Getjinin son döyüşlərinə baxdıqda isə bunu müşahidə etmək olmur. Ümumilikdə götürəndə görünən odur ki, Fiziyev 18, Getji isə 10 müxtəlif zərbə növündən istifadə edib. Güləş intellektinin daha yüksək olduğunu isə məşqçinin dilindən də eşitmişdik. Bu da Rafaelin üstünlüyünü artırmalıdır.
Sözsüz ki, Castinin də xeyli üstünlükləri var. Əbəs yerə o, titul döyüşünə namizəd olmayıb. Sol çəpəki zərbələri vurmaqda mahir olan Getjinin ümumi texniki hazırlığı da normadadır. Ən güclü xüsusiyyətlərindən biri isə yaxın məsafədə güclü qısa zərbələrinin olmasıdır. Ən çətin anlarda belə Castin həm sol, həm də sağdan qısa zərbələr endirməyi bacarır. Onun loukiklərindən vaxtilə Həbib Nurməhəmmədov da xeyli əziyyət çəkib. Castini qorxulu edən başqa bir məqam əksər hallarda rəqiblərini xəstəxanalıq etməsidir. Consonun xəstəxanaya aparılması, Alvaresin başının şişməsi, Poryenin bud bağlarının qırılması, Ferqüssonun burnunun sınması və digər bir neçə rəqibinin nokdauna düşməsini misal çəkmək olar.
Sözsüz ki, Castinin özü də dəmirdən deyil. Bunu döyüşlərinin ümumi statistikasına baxdıqda görmək olar. 10 döyüşdə onun başına 487 zərbə endirilib. Bu, UFC tarixində onun ən çox zərərçəkən idmançılar siyahısında olmasına gətirib çıxarıb. Lakin bir məqam var ki, Castinin xeyrinədir. Son döyüşdən sonra o, 10 ay oktaqona girməyib. Bu da yaraların tam sağalması və başının dincəlməsi deməkdir. Bundan başqa, bu müddət ərzində burnundan əməliyyat keçirib. Əməliyyat sayəsində nəfəs alıb-verməsi xeyli yaxşılaşıb. Ola bilsin ki, bu amil onun daha hərəkətli olmasına imkan versin.
Yenidən həmyerlimizə qayıtsaq, onu əlavə edə bilərik ki, Rafael də müdafiəyə çox diqqət verən deyil. Xüsusilə də ayaqda döyüş zamanı xeyli zərbə buraxır. Lakin Getji ilə müqayisədə cavan olması xeyrinə işləməlidir. Həm də qələbə üçün motivasiya var. Kim bilir, bəlkə titul döyüşünə Maxaçovla məhz onu çıxartdılar.
Qeyd edək ki, UFC 286 turniri şənbədən bazara keçən gecə Klondonda baş tutacaq. Rafaelin döyüşü təqribən Bakı vaxtilə saat 01:00-da ola bilər.
İLQAR AĞAYEV