“Qarabağ”ın “Qalatasaray”la xeyriyyə matçı üçün heyətinə cəlb edəcəyi futbolçulardan biri bəllidir. Baş məşqçi Qurban Qurbanov komandanın sabiq üzvü Donald Geryeni sərəncamında görmək istəyir.

Futbolinfo.az xəbər verir ki, müdafiənin sol cinahında təcrübəli oyunçuya ehtiyac duyan ağdamlılar “Zirə”nin az öncə heyətinə qatdığı futbolçuya üstünlük verib. Haitili ilə bağlı qəsəbə təmsilçisinə müraciət edilib və həm oyunçudan, həm də klubundan müsbət cavab alınıb.

Xatırladaq ki, martın 26-da İstanbul nəhəngi ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək “Qarabağ”da heyətlə bağlı problemlər var. Matçın yığmaların oyunları üzündən yaranan fasiləyə təsadüf etməsi əlavə çətinlik yaradıb. Ağdam klubunun 10-dan çox futbolçusu müxtəlif yığmaların düşərgəsinə yollandığından, faktiki futbolçu çatışmazlığı var. Qurbanov açıqlamasında 10-12 oyunçularının olduğunu, klublara bəzi oyunçularını götürmək üçün müraciət edəcəklərini bildirmişdi.

Amma məcburiyyətdən atılsa da belə, bu addım heç də yaxşı qarşılanmadı. Bu üzdən “Qarabağ” vaxtilə bu klubda oynamış, komandanın daxilini bilən futbolçulara üstünlük verməyə çalışır. Hazırda ən ideal namizəd Gerye olduğundan, seçimə onunla başlanıb. Yaxın günlərdə daha bir neçə oyunçuya bir matçlıq kömək üçün dəvət göndərilməsi mümkündür.

Shares: