“Sumqayıt”ın əvəzedici heyətinin baş məşqçisi Vüqar Quliyev yenə qalmaqal salıb. Köməkçiləri ilə yola getməyən, artıq bir neçə yardımçısı ilə vidalaşan çalışdırıcı son olaraq Azər Mehdiyevlə dalaşıb.

Futbolinfo.az saytının əldə etdiyi bolgiyə görə, Quliyev köməkçisi ilə komanda üzvlərinin gözü qarşısında əlbəyaxa olub. Məsələnin xəbəri klub rəhbərliyinə çatıb.

I Divizionda sonuncu pillədə gedən komandanın baş məşqçisi ilə bağlı hansı tədbirin görüldüyü ilə bağlı hər hansı məlumat yoxdur. Klub da rəsmi açıqlama verməyib. Amma maraqlıdır ki, Peşəkar Futbol Liqasının saytında Quliyev “Sumqayıt-2”-nin baş məşqçisi kimi təqdim olduğu halda, “kimyaçılar”ın öz rəsmi saytından onun adı çıxarılıb. Çox güman ki, sonuncu insidentdən sonra Quliyev postundan uzaqlaşdırılıb, lakin bununla bağlı məlumat verilmir.

Onu da qeyd edək ki, hazırda klubda çalışan Vaqif Cavadov və Rail Məlikovun əvəzedici komandaya təyinat alacağı deyilir. Onlardan bir baş məşqçi, digəri köməkçi olacaq.

Shares: