Formula 1 üzrə dünya çempionatının 2-ci mərhələsi geridə qaldı. Səudiyyə Ərəbistanındakı yarış Bəhreyndəki ilə müqayisədə maraq baxımından çox geridə qaldı. Faktiki olaraq, yarışın 2-ci hissəsində heç bir mübarizə olmadı. 50 dövrəlik yarışın ortasından sonra ilk onluqda yalnız bir yer dəyişikliyi baş verdi. O da Maqnussenin Tsunodanı ötməsi oldu. Beləliklə, danimarkalı sürücü komandası üçün ilk xalı qazandı.

Sözsüz ki, bunların ciddi bir önəmi yoxdur. Ən maraq doğuran məqamlar ilk yerlərin mübarizəsidir. Xoşbəxtlikdən dünənki təsnifatda maraqlı hadisələr baş vermişdi. Ən vacib və yaddaqalanı isə heç şübhəsiz, Maks Ferstappenin ötürmələr qutusunda yaşanan problemə görə final sessiyasına yüksələ bilməməsi idi. Niderlandlı sürücünün bolidində baş verən problem formula həvəskarlarına bir qədər ruh yüksəkliyi verdi. Belə ki, onlar “Red Bull”da heç də hər şeyin tam qaydasında olmadığına ümid etməyə başladılar.

Həqiqətən də ilk yarışda və ondan da əvvəl mövsümöncəsi testlərdə Avstriya komandası çox qorxunc görünürdü. Səudiyyədə ilk sərbəst yürüşlərdə də komandanın rəqiblərdən nə qədər öndə olduğu bariz görünürdü. Lakin birdən-birə bu problemin ortaya çıxması Formulada heç nəyin əvvəlcədən söylənilməsinin mümkünsüzlüyünü bir daha sübuta yetirdi. Doğrudur, Maks keçən il də bir neçə dəfə alt sıralardan irəliləyərək podiuma yüksələ bilmiş, hətta qələbə qazandığı vaxtlar da olmuşdu. Amma istənilən halda, bu problem rəqiblər üçün bir şans idi. Rəqiblərlə bərabər komanda yoldaşı Serxio Peresin də əlinə şans düşmüşdü. Şəhər traslarını sevən meksikalı sürücü bu tendensiyanı davam etdirdi.

Ferstappen isə maksimum nə qazanmaq mümkün idisə onu da etdi. Niderlandlı, sürücü yarışın ortasına qədər komanda yoldaşından başqa hamını ötməyi bacardı. Doğrudur, bu işdə ona müəyyən qədər təhlükəsizlik maşının trasa çıxması da yardım etdi. 18-ci dövrədə “Aston Martin”in kanadalı pilotu Lens Strollun maşınında texniki problemlər yaşandığına görə stüardlar başqa bir “Aston Martin”i trasa buraxdılar. Lakin bu olmasaydı belə, Ferstappen gec-tez 2-ci pilləyə qədər irəliləyəcəkdi.

Yarışın startında yaşanan kiçik bir hadisə yekun sıralamaya təsir göstərdi. Fernando Alonso startda təyin olunan yerdə maşını düzgün saxlamadığına görə cəzalandırıldı. Cəza 5 saniyəyə bərabər idi. Təhlükəsizlik maşını rejimində edilən pit-stop zamanı bu cəza çəkilməliydi. Çəkildi də. Lakin sonradan araşdırma nəticəsində domkratı tutan mexanikin alətlə bolidə toxunduğu məlum oldu. Bu isə 5 saniyəlik cərimənin çəkilməməsi deməkdir. Stüardlar buna görə yarışdan sonra Alonsoya daha 10 saniyə cərimə verdilər. Bu da ispan sürücünün 100-cü podiumunu əlindən aldı. Sözsüz ki, burada günah Fernandonun özündə, bir də həmin mexanikdədir. Nəticədə Corc Rassel 3-cü yerin sahibi oldu.

HAŞİYƏ: Sonradan apellyasiya şikayəti verən Alonsonun arzusu yerinə yetdi, podiuma qalxdı.

Səudiyyə qran-prisindən sonra Ferstappenin Peres üzərində 1 xallıq üstünlüyü var. Bu üstünlüyü ikiqat dünya çempionu son andakı sürətli dövrə ilə qazanıb. Lakin uzun bir marafonda bu, vacib bir şey deyil. Görünən odur ki, mübarizə bu il gərgin olmayacaq. Ən azı liderlik uğrunda bunun baş verməyəcəyi aydındır. Qalan yerlər uğrunda isə gərginliklər ola bilər.

Növbəti mərhələ 2 həftə sonra Avstraliyada olacaq və həm təsnifat, həm də yarış Bakı vaxtilə səhər 9-da başlayacaq.

Turnir cədvəli:

1. Maks Ferstappen – 44 xal

2. Serxio Peres – 43

3. Fernando Alonso – 27

4. Corc Rassel – 21

5. Karlos Sayns – 20

6. Lyuis Hamilton – 20

7. Lens Stroll – 8

8. Şarl Lekler – 6

9. Valtteri Bottas – 4

10. Esteban Okon – 4

SİYAVUŞ ƏLİYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp