“Turan Tovuz” heyətinə daha bir legioner futbolçu cəlb edib.
Futbolinfo.az xəbər verir ki, Tovuz təmsilçisi panamalı müdafiəçi Roderik Milleri transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı mərkəz müdafiəçisi ilə 3 ay + 1 il müddətində rəsmi müqavilə bağlanıb. Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, müqavilənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.
Miller peşəkar karyerasına ölkəsinin “San Fransisko” komandasında başlayıb. O, Meksikanın “Venados”, Kolumbiyanın “Atletiko Nasional”, Portuqaliyanın “Feyrense”, Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Steyn” kimi klublarında legioner həyatı yaşayıb. 2021-ci ildən isə müdafiəçi İraqda oynayırdı. 2021/22 mövsümünü “Əl-Quva”da keçirən futbolçu son olaraq “Əl-Minaa”da çıxış edib.
Panamanın U-20 və U-23 yığmalarında da oynamış Roderik ölkəsinin əsas yığmasında 33 oyun keçirib, 1 qol vurub.