AFFA İcraiyyə Komitəsinin son iclasında Gündəlikdə nəzərdə tutulan bütün məsələlər barədə qərar çıxarılmadı. Məsələn, Futzal Federasiyasının hesabatı həm də İK-nın üzvü olan qurumun rəhbəri Zaur Axundovun iclasa qatılmaması üzündən dinlənilmədi. Səhhətində problem olduğu deyilən federasiya prezidenti İcraiyyə Komitəsinin növbəti yığıncağında hesabatını təqdim etməli olacaq.
Martın 7-də bağlı qapılar arxasında daha bir məsələ müzakirə olunub. Belə ki, AFFA-nın Futbol Veteranları üçün fərdi təqaüdləri haqqında Əsasnaməyə əlavə və dəyişikliklərin olunması ilə bağlı təkliflər ətrafında ciddi müzakirələr gedib. Yekunda təkliflər yetərli sayılmayıb və yenidən hazırlanması üçün baş katibliyə tapşırıq verilib.
Bəzi veteranların narazılığına səbəb olan məsələni araşdırdıq və bəlli oldu ki, təqaüd almağa layiq olan şəxslərin bir müddət də gözləməsinin səbəbkarı Vaqif Sadıqovdur. İcraiyyə Komitəsinin üzvü məhz yaş məsələsini qabardaraq təkliflə razılaşmayıb, AFFA prezidenti Rövnəq Abdullayev də məsələnin yenidən müzakirə olunmasını, əlavə dəyişikliklər edilməsini katibliyə tapşırıb.
Məsələ ondadır ki, AFFA rəhbərliyi təqaüd yaşını ölkə qanunverciliyinə uyğun olaraq, 63-dən 65-ə qaldırıb. Elə bu məqamda Sadıqovun niyyəti üzə çıxıb. Məhz özünü düşünən veteran futbolçu səsini yüksəldib, qərara qarşı çıxıb. Aprelin 1-də 64 yaşı tamam olacaq Vaqif bəy yaş limitinin 6 ay intervalı ilə mərhələli artırılmasın istəyib. Lakin ölkə qanunvericiliyində 65 yaş həddinin əsas götürülməsi üzündən onun düzəlişi də qəbul edilməyib və Əsasnamənin təsdiqi təxirə salınıb. Sadıqov özünün ala bilməyəcəyi təqaüdün başqalarına da qismət olmaması üçün əlindən gələni edib.
Xatırladaq ki, AFFA-nın veteranlara ayırdığı təqaüdün məbləği 180-250 manat aralığında dəyişir. Assosiasiya yarandığı gündən bəri daim iş başında olan, müxtəlif vəzifələrdə çalışan, indinin özündə də bir neçə yerdən maaş alan, həyatını Azərbaycan futbolunun inkişafına deyil, yalnız öz güzəranını yaxşılaşdırmağa sərf edən Sadıqov təqaüddən də gözünü çəkmir. Pul o qədər şirin olub ki, Vaqif bəy hətta bu təqaüdə həqiqətən ehtiyacı olan veteran yoldaşlarının daha bir müddət siyahıdan kənar qalmasının səbəbkarına çevrilib.
Vaqif bəyin İK-da müzakirələrə qoşulması, qərarların qəbul edilməsinə mane olması, alternativ fikir bildirməsi yaxşı haldır. Amma kaş o bunu ölkə futbolunun taleyinin müəyyənləşdiyi həyati qərarların qəbulu zamanı, faydasız layihələrin təsdiqləndiyi iclaslarda edərdi. Təəssüf ki, həm də AFFA-nın vitse-prezidenti olan bu şəxs yalnız özü 180 manatı ala bilməyəcəyi üçün səsini qaldırıb, şəxsi mənafeyini düşünüb.
FƏRİD