2023-cü ildə artıq 3-cü ay başa çatmaq üzrə olsa da, futbolda milli komandaları hələ görmək mümkün olmayıb. Ancaq bu, son Dünya Çempionatının dekabrda keçirilməsinə görə deyil. FİFA-nın təqvimi artıq neçə illərdir ki, belədir – milli komandaların debüt oyunları mart ayına təsadüf edir.

Beləliklə, gələn il keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə start verilir. Qısa şəkildə bildirək ki, seçmə mərhələdə UEFA-ya üzv olan 53 ölkə iştirak edir. Ötən ilin oktyabrında Frankfurtda atılan püşkatmada komandalar 10 qrupa bölünüblər. Turniri qəbul edən Almaniya seçmə mərhələdən azaddır. Rusiya isə sanksiyalara görə kənarlaşdırılıb.

336583836 201759202488748 4725200388272076674 n - Futbolinfo.az

10 qrupda ilk 2 yeri tutan komandalar final mərhələsinə vəsiqə qazanır. Yerdə qalan 3 vəsiqə 12 komanda arasında oynanılır. Həmin 12 komanda Millətlər liqasında öz qruplarında qalib olub seçmə mərhələdə vəsiqə qazana bilməyənlərdir. Qrup qalibləri artıq bəllidir. Bunlar Niderland, Xorvatiya, İspaniya, İtaliya, İsrail, Bosniya və Herseqovina, Şotlandiya , Serbiya, Gürcüstan, Yunanıstan, Türkiyə və Qazaxıstan komandalarıdır.

Bu il seçmə mərhələ üçün milli komandalara 5 fasilə təqdim edilib. Bu isə 10 tur deməkdir. Play-off oyunlarının vaxtı gələn ilin yazıdır.

Önümüzdəki oyunların təqviminə diqqət yetirsək , azarkeşlərimizi maraqlandıran bir neçə oyun tapa bilərik. Sözsüz ki, ilk növbədə milli komandamızın 2 oyununu qeyd etməliyik. Futbolçularımızı 24-ü Bakı vaxtilə 23:45-də Avstriya, 27-si isə 22:45-də İsveç gözləyir.

Azərbaycan futbol azarkeşləri üçün seçmə mərhələ müddətində ən xoşbəxt anlar elə həmin mərhələnin başlanğıc fazasıdır. Səbəbi isə çox sadədir. Çünki, bizim komanda yalnız turnirin əvvəlində cədvəldə rəqiblərdən geri qalmır. Turnir start götürdüsə, oyun demirəm, bir neçə dəqiqə sonra millmizin cədvəldə aşağı pillələrdə olduğunu görürük. Bu baxımdan vətənpərvər futbol azarkeşləri və digər komandalara biganə olanlar üçün seçmə mərhələnin ən sevincli anlarıdır. Bu anları doyunca yaşamaq lazımdır. Çünki belə bir hiss bir də növbəti seçmə mərhələdən əvvəl ola bilər. Amma bir qədər səviyyəni artırmaq mümkün olsa, belə bir qrupdan ikinciliklə Almaniyaya vəsiqə qazanmaq olar.

sloo - Futbolinfo.az

Qrupun favoriti Belçika millisidir. Komandanın vəziyyətini dünya çempionatında gördük. Doğrudur , ondan sonra baş məşqçi dəyişikliyi edilib, kollektiv Domeniko Tedeskoya tapşırılıb. İtalyan əsilli Almaniya vətəndaşı vaxtilə ölkəsində ən perspektivli məşqçi sayılırdı. Buna da səbəb “Şalke” komandasında göstərdiyi nəticələr idi. Ona qədər isə Almaniya Ali məşqçilik kurslarının imtahanlarında, qiymətlərinin, hətta Yulian Naqelsmandan da yüksək olduğu ilə diqqət çəkmişdi.

Lakin Tedeskonun xeyli zəif cəhətləri var. Məhz həmin cəhətlər onun Naqelsman kimi uğurlu olmamasına gətirib çıxarıb. Tedeskonun uğurları qısamüddətli olur. Burada biz daha çox gözlənilməzlik effektini qeyd edə bilərik. Yəni, əslində, Tedesko oyun qura bilmir, yalnız motivasiya ilə qazanır. Bunu “Şalke”də, “Spartak”da, “Leypsiq”də görmüşük.

Klub səviyyəsində bu, çətinliklər yarada bilər, amma milli komandalarda özünü elə də göstərməməlidir. Çünki milli komandalarda oturuşmuş oyun əsas deyil, burada önə çıxan fərdi ustalıq və heyətdir. Belçikanın isə heyəti kifayət qədər güclüdür. Dünya çempionatından sonra Eden Hazard, Alderveyld və Minyole milli karyeralarını başa vurublar. Baxmayaraq ki, “qızıl nəsil” artıq yaşlaşıb, amma son anda onlar da nəsə göstərə bilərlər.

Qrupun ən çətin və qorxulu komandalarından biri Avstriyadır. Lakin onlarla da bağlı bunu qəti şəkildə söyləmək olmaz. Səbəbi isə baş məşqçidir. Ralf Ranqnik bir məşqçi kimi gücünü uzun illər bundan əvvəl göstərib. Son vaxtlar menecer kimi fəaliyyət göstərən alman mütəxəssis, işlədiyi klubları tənəzzülə aparmaqla yadda qalıb. Tedesko ilə bağlı fikri ona da şamil etmək olar. Milli komandalarda vacib olan oyun qurmaq bacarığı deyil. Ranqnik də güclü motivator və idarəedicidir.

Komandanın mərkəz xətti çox perspektivlidir. Buraya Laymer, Zaynvald və Şlager toplaşıb. Ranqnik menecerlik qabiliyyətini göstərməklə “Bayern”in 17 yaşlı ulduzu Paul Vanneri də ələ keçirməyə çalışır.  Oyun üslubuna gəldikdə isə ciddi bir şəkildə dəyişikliyin olacağını gözləməyə dəyməz. Avstriyalılar sürətli futbolları ilə seçilir. Bu isə bizim ən zəif yerimizdir. Komandamız avstriyalılarla qaçmaq yarışına çıxsalar, heç bir şansa malik olmayacaqlar. Belə komandalarla oyunda bizə yalnız müdafiədə böyük qüvvəylə oturmaq yardım edə bilər. Çünki rəqib bir an içində hücumda və arxada 10 nəfər ola bilir.

Qrupun digər komandası İsveçdir. Ölkədə futbolun inkişafda olduğunu söyləmək olmaz. Lakin heyətdə hər zaman güclü futbolçular yer alıb. Əksəriyyət də Avropanın komandalarında çıxış ediblər. Diqqət çəkən məqam Zlatan İbrahimoviçin milliyə dəvət almasıdır. Bu, bir tərəfdən kadr potensialının aşağı olmasından xəbər verir, digər tərəfdən isə Zlatanın səviyyəsinin azalmamasını nümayiş etdirir. İstənilən halda, Skandinaviya təmsilçisi maraqlı rəqibdir və onu məğlub etmək o qədər də böyük qəhrəmanlıq tələb etmir.

Qrupdakı komandaları Estoniya ilə yekunlaşdırırıq. Vaxtilə estonlar futbolda bizə nəinki rəqib idilər, hətta heç yanımızdan keçə bilməzdilər. Amma sovet dövrü ilə müstəqillik dönəmi arasında bu cür dəyişikliklər baş verib. İndi bizi 4-cü yer uğrunda mübarizədə estonlara rəqib görürlər. Bunun da günahı heç şübhəsiz ki, nə estonlarda , nə də rəqib göstərənlərdədir.

Digər qruplara nəzər yetirildikdə son Avropa Çempionatının finalçılarının eyni kvintetdə yer aldığını görmək mümkündür. Komandaların heç birində həmin finaldan sonra ciddi bir dəyişiklik olmayıb. Baş məşqçilər də eyni olaraq qalıb. Qrupda Ukrayna millisi də var. Nəzərə alsaq ki, ukraynalıların heyəti gənc və perspektivli futbolçulardan ibarətdir, finalçıların işinin asan olmayacağını görmək olar.

336651873 951611626010827 3993643425403253255 n - Futbolinfo.az

Dəyişikliklərə diqqət yetirsək, bir neçə komandada baş məşqçilərin yeni olmasını qeyd etməliyik. İspaniyanı artıq Luis Enrike çalışdırmır – mənasız, qapısız futbol və ifrat tiki-taka xəstəsi Enrikeni De La Fuente əvəz edib. Bu Luis əvvəlki Lusidən fərqli olaraq “Barselona”dan cəmi 2 futbolçu dəvət edib. Nəticədə “Real” əsas rəqibini təmsilçilərinin sayına görə keçib. Paytaxt klubundan Karvaxal, Naço və Sebalyos dəvət alıblar. Busketsin milli karyerasını bitirməsindən sonra heyətdə “Qızıl dövr”dən kimsə qalmayıb.

Vacib dəyişikliklərdən biri “Espanyol”un forvardı 32 yaşlı Xoselunun çağırılmasıdır. 192 sm boya malik forvard son mövsümlərdə ən çox qol vuran ispan futbolçulardandır. Ondan başqa daha yaşlı Aspas da milliyə dəvət alıb. Yeni çağıralanlar “Real Sosyedad”dan Martin Subimendi və “Osasuna”dan David Qarsiyadır.

Son 2 mundialın finalçısı Fransanın heyətindəki ən vacib dəyişiklik kapitan sarğısının Mbappeyə keçməsidir. Kapitanlıq sarğısının Kiliana verilməsi Qrizmanı hiddətləndirsə də, nəticəsiz qalıb. Bundan başqa, Rafael Varanın 29 yaşında milli karyerasını bitirməsini də qeyd etməliyik. Son heyətlə daha bir fərq Türamın oğullarının sayının komandada çoxalmasıdır.

Niderland millisinin bir ənənəsi var. Burada mütəxəssislər bir neçə dəfə millinin baş məşqçisi təyin edilirlər. Ənənəni Ronald Kuman layiqincə davam etdirir.

Portuqaliyaya nəzər yetirsək, veteranlar – Pepe və Ronaldonun karyeralarını davam etdirdiklərini görərik. Belçikanı bir yerə çıxara bilməyən Roberto Martines indi də Portuqaliyada peyda olan “qızıl nəsil”lə nəsə etməyə çalışacaq. Haland və Odeqor kimi futbolçulara malik Norveç millisinin nəticələri maraq doğurmalıdır. Qrupda onları İspaniya və Xviçalı Gürcüstan gözləyir.

Daha bir diqqət ediləsi komanda İsraildir. Bu ölkədə güclü nəsil yetişir. Bunu onların 19 yaşlı futbolçularının keçənilki uğuru sübuta yetirir. Lakin bu seçmə mərhələdə onların təcrübəsizliyi nəticə göstərmyə mane ola bilər.

Ümumilikdə isə hər hansı bir sensasiyanın baş verəcəyi inandırıcı görünmür. Seçmə mərhələ elə planlaşdırılıb ki, güclü komandalar Almaniyaya vəsiqə qazanmaldır. Belə olmadıqda Millətlər Liqası köməyə gələcək. Böyük ehtimalla biz bütün böyük komandaları gələn il Almaniyada görə biləcəyik. Qarşıdakı oyunlara baxdıqda isə aşağıdakı qarşılaşmalar maraq doğurur.

337092263 759949685447663 1327166896303880914 n - Futbolinfo.az

23 mart, 23:45. İtaliya – İngiltərə

24 mart, 23:45. Fransa – Niderland, İsveç – Belçika

25 mart, 21:00. Ermənistan – Türkiyə (burada siyasi motivlər ön plana çıxacaq) , 23:45. İspaniya – Norveç  (Haland zədə səbəbilə oynamayacaq)

26 mart, 20:00. İngiltərə – Ukrayna (Mudrikin çıxışı maraqlıdır)

27 mart, 22:45. İrlandiya – Fransa (irlandlar yəqin ki, Anrinin əllə topa toxunuşunu yaddan çıxarmayıblar)

28 mart, 22:45. Türkiyə – Xorvatiya

SİYAVUŞ ƏLİYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp