Nə olmalı idisə, o da oldu. Avstriya qarşısında milli komandamızın heç bir şansı yox idi və nəticə ədalətlidir. Hətta qola görə xal verilsəydi, meydan sahibləri hesabı 7-8 top fərqinə də qaldıra bilərdi.

Ardıcıl 5 qələbə faktı sabun köpüyünə çevrildi. Zatən ağlı başında olanlar yoldaşlıq görüşlərində və Millətlər Liqasının sonunda əhəmiyyətsiz matçlarda qazanılan nəticələrin heç nə ifadə etmədiyini gözəl anlayırdı. Həmin qələbələr yalnız Canni De Byaziyə müqavilə müddətini daha bir tsikl üçün uzatmaq baxımından sərfəli oldu və vacib olan dəyişikliklərin ömrünü daha bir il uzatdı.

Rəqiblə səviyyə fərqi hər nə qədər böyük olsa da, döyüşmək, bir xal qazanmaq üçün mübarizə aparmaq olardı. Amma italiyalının təcrübəsinə yaraşmayan səhvləri buna imkan vermədi. Onun komandamızın hücum potensialına aldanıb müdafiəni çox bərbad təşkil etməsi faciəvi nəticəyə gətirib çıxartdı. Yusif İmanovun belə rəqiblə oyunda debüt etməsi onu “yandıra bilərdi”. Gənc qapıçının önündə oynadılan müdafiə xətti də çox pis seçilmişdi.

Məşqçi səhvlərinin etirafını əvəzetmələriylə göstərdi. Fasilədə 3 futbolçu dəyişilirsə, deməli, De Byazi start heyəti düzgün seçmədiyini özü ifşa edir. Kökçü və Həsənalızadənin ilk dəqiqələrdən meydanda olması doğru deyildi,məşqçi bunu anlayanda rəqib artıq məsələni həll etmişdi.

Yığmamızın ilk dəqiqələrdəki fəallığı kimsəni aldatmasın. Rəqib millimizi “kəşf etmək” üçün bu imkanı yaratdı və dayaq bölgəsindəki boşluqları tapan kimi 2 dəqiqəyə 2 qol vurdu.

Ayrı-ayrı futbolçuları qınamaq olar, lakin 1:4-ün, məzmunsuz oyunun birbaşa günahkarı De Byazidir. İtaliyalı komandanın potensialına uyğun futbol oynatmadı, müdafiənin təşkilində doğru addımlar atmadı. Ümumiyyətlə, oyunun strategiyası düzgün seçilməmişdi. Baş məşqçinin zəif komandalarla matçlarda tətbiq etdiyi beşli müdafiə məhz dünən, Avstriya ilə oyunda lazım idi. Canni isə açıq futbol oynamaq istədi və cəzalandı.

İstənilən halda, hətta Avstriyada xal qazanılsaydı belə, bu, təsadüf olacaqdı. Azərbaycan futbolunun inkişafı illərdir təmin edilməyib, yanlış adamlar yanlış işlər görüb və indi “meyvələr”ini toplayırıq. Rövnəq Abdullayevin 15 illik hakimiyyət dövrü futbolun sistemli inkişafına yox, məhvinə xidmət edib. “Qarabağ” kimi komandası olan ölkənin ümumi futbolu da paralel inkişaf etməliydi. Təəssüf ki, vahid mexanizm yaradılmayıb.

Beləcə daha bir seçmə mərhələ bizim üçün başlamadan bitdi. Start məğlubiyyəti öz yerində, meydanda ümidverici heç bir şey görmədik. İlk turdan son pilləni ələ keçirən komandamız yəqin ki, finişədək autsayder olaraq qalacaq. AFFA-da, ölkə futbolunda real islahatlar yubandıqca yanız məğlubiyyətlərin reportajını yazacağıq.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp