Milli komandanın növbəti məğlubiyyəti yenə müzakirə mövzusudur. Hətta il ərzində AFFA-nı yaddan çıxaranlar da yığma uğursuzluğa düçar olan kimi sosial şəbəkədə nələrsə yazır, fikir bildirir.

Lakin 1:4-ü bir neçə nəfərin boynuna yükləmək elə yenilginin özü qədər ağırdır. Bu, bərabərsəviyyəli rəqiblərin görüşündə buraxılan hansısa fərdi səhvin nəticəsi deyil ki, günahkarı 11 nəfərin içərisində axtaraq. Biz illərdir uduzuruq, vəziyyətin düzəlməsi üçün edilən dəyişikliklər, görülən işlər isə ümumi futbolun yararına deyil, şəxslərin mənafeyinə hesablanıb.

15 ildən çoxdur AFFA-da kök salan işbilməzlərin sayəsində yerimizdə saymışıq, vəziyyətin dəyişməsi üçün heç nə etməyiblər. Seçmə mərhələ başlayan kimi 1-2 nəfər tənqid edilir, ajiotaj yaranır, sonra hamı taleyi ilə barışır və qazanılan təsadüfi 1-2 xal gələcək üçün ümid işığı kimi qələmə verilir, yalançı rəy yaradılır. Necə ki, Millətlər Liqasının son 3 turunda əhəmiyyətsiz matçlarda qazanılan qələbələrin eyforiyası ilə yalançı fon yaradılmışdı. Beləcə illəri itiririk.

Özümüzü aldatmayaq, Azərbaycanda futbol təsərrüfatı “sökülüb təzədən yığılmalı”, real addımlar atılmalı, inkişaf strategiyası seçilməlidir. İndi AFFA-ya gəlmək istəyən qüvvələr yalnız kreslo düşkünləri olmamalıdır, həqiqətən fərq yaratmaq üçün gəldiklərini göstəməli, inandırmalıdırlar. Azarkeş Avropa və ya dünya çempionluğu istəmir. Şərait və imkanlarımıza görə mübariz komanda formalaşdırmaq, əsl rəqabət mühiti yaratmaq, final mərhələlərinə iddia etmək lazımdır. Bu qədər dövlət qayğısının qarşılığında mümkün olanlar edilməlidir.

Bəli, dünənki məğlubiyyətin səbəbkarlarından biri Yusif idi – amma qapıçı İmanov yox, Azərbaycanda uşaq futbolunu bərbad günə qoyan marketoloq, bu sahəyə qətiyyən dəxli olmamasına baxmayaraq illərdi bu sahəni məhv edən Vəliyev.

Biz ikinci qolda səhv edən Bəxtiyar Həsənalızadədən yox, Elxan Məmmədovun Parisdən ötürdüyü mesajlarla futbolu idarə etməyə çalışan Cahangir Həsənzadədən danışmalıyıq. Ağasının saxta layihələrinə can vermək istəyən bu şəxs gənc müdafiəçidən daha çox günahkardır.

Höccət Haqverdini bir neçə epizoda görə qınamaq olar, lakin əsl günahkar bu farsı və onun kimiləri Azərbaycana calaq edən Riad Rəfiyevdir. İllərdir azərbaycanlı balalarının qarşısını faydasız milliləşənlərlə, əcnəbilərlə kəsən, yalnız öz qazancını düşünən bu zat nə qədər ki, söz sahibidir, bizi fərqli aqibət gözləmir.

Canni De Byazi günahkardır, amma ən böyük günah sahibi onu Azərbaycana sırımaq üçün bütün imkanlarını səfərbər edən Elxan Tağızadədir. AFFA-da illərdi kölgədə yatıb ən yağlı tikələri həzm edən bu şəxsin fəaliyyəti araşdırılmalı, İtaliya sevgisinin biznes layihələrinə təsiri üzə çıxarılmalıdır.

Rövnəq Abdullayev əsas suçludur, amma onu 15 ildir pultla idarə edənlər nişan verilməlidir. Milli komanda ilə bağlı heç bir qərar onun deyil – formal prezidentdir, qərarı müavini kimi görünüb, əslində, ağası olanlar verir. Və bütün sistemi idarə edən hiyləgər Elxan Məmmədov yaddan çıxır.

Problem çoxdur və yalnız üzdə görünənləri baltalamaqla deyil, pərdə arxasında əyləşib futbolun siyasətini müəyyənləşdirənləri ifşa etməli, onların ayağını futboldan kəsməliyik. İstedadlı Yusif İmanovu, bir ay futbol oynamadan “oda atılan” Bəxtiyar Həsənalızadəni tənqid etməklə istəmədən əsas günahkarları qorumuş oluruq. Azərbaycan futbolunu ciddi müalicə etmək lazımdır, xəstəliyinin mənbəyi tapılmalıdır, üzə çıxan əlamətlərinə aldanmaq olmaz.

İndi etdiyimiz eşşəyi qoyub palanı döyəcləməkdir. İllərdir bunu edirik, bəlkə yorulaq, dayanıb düşünək?..

VÜSAL MAHMUDOV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp