“Qarabağ”la “Qalatasaray” arasında xeyriyyə matçı gözəl təşkilatçılıqla yadda qaldı. Sərgilənən futbol da, azarkeşlərin marağı da iki ölkənin lider klublarının adına layiq idi.

Bu matç qardaş ölkədə zəlzələdən əziyyət çəkənlərə yardım məqsədi ilə təşkil edildiyindən xüsusi diqqət var idi. Təsadüfi deyil, ölkə rəhbərliyi də Bakı Olimpiya Stadionuna təşrif buyurmuşdu.

Maraqlıdır ki, ölkə futbolu üçün çox önəmli olan bu hadisəyə sanki AFFA biganə qaldı. Ciddi ajotaj doğuran qarşılaşmda assosiasiya rəhbərliyindən kimsə yox idi. Milli komanda ilə Avropa turnesinə çıxan məsul şəxslərdən heç kim bu önəmli matç üçün Bakıda qalmağı lazım bilməmişdi.

Bir çox klub rəhbərlərini, İcraiyyə Komitəsinin üzvlərini, vitse-prezidentləri də “turist səfəri”nə aparan AFFA-nın bu münasibəti elə ümumi futbol təsərrüfatına münasibətin təzahürüdür. Klubun dəvətinə edilən hörmətsizlik bəlkə də oyuna gələn rəsmi qonaqlarla bir sırada dayana bilməməyin utancının nəticəsidir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp