Ostində Formula 1-in yaxın keçmişinin ulduzlarının qatıldığı NASCAR şousu geridə qaldı. Avtoidman ictimaiyyəti neçə gün idi ki, bu yarışı səbrsizliklə gözləyirdi. Səbəbi isə Formula 1-də dünya çempionu olmuş 2 pilotun çıxışı idi.

Finlandiyalı Kimi Raykonen və britaniyalı Censon Batton həqiqətən də yarışı xeyli maraqlı edə bildilər. Hər ikisi öz işinin öhdəsindən layiqincə gəldi. Onlardan tələb olunan qələbə yox , iştirak idi. Kimi isə hətta nəticə də qazanmağa yaxın idi.

Finiş xəttini 29-cu keçməsinə baxmayaraq, bəzi dövrələrdə fin pilot 4-cü yerə qədər yüksələ bilirdi. NASCAR-ın Formula 1 ilə qaydalarında fərqliliklərdən biri dövrə üçün verilən xaldır. Ən azı bir dövrəni lider tamamlayan idmançıya 5 xal verilir. Yəni, Battonla müqayisədə Raykonen həmin o 5 xalı qazanmağa daha yaxın olub.

Sözsüz ki, finalndiyalı pilotun çıxışını təhlil etmək bir qədər çətindir. İstənilən halda, komandasının bu barədə şərhlərini gözləmək lazım olacaq. Ancaq yarışı izləyənlər onun ağıllı çıxışını qeyd edirlər. Kimi elə Formula 1-də də belə olub. Finlandiyalı peletonda hər zaman ağıllı sürücülük üslubu ilə seçilib.

NASCAR-ın Formuladan əsas fərqi maşınların bir-birinə daha yaxın olmalarıdır. Bunu Batton və Kimi də yarışdan sonra qeyd ediblər. Heç şübhəsiz, hər iki idman növündə konsentrasiyanı itirmək olmaz. Amma konsentrasiya məfhumu bu yarışlar üçün fərqli anlam daşıyır. Kimi maşınını nə qədər ağılla idarə etsə də, yarışda istədiyi nəticəni əldə edə bilmədi. Sonlara yaxın trasda əməlli-başlı xaos yarandı. Bolidlərin çevrilməsi, qəzaya uğramaları təhlükəsizlik maşınının trasa daxil olması ilə nəticələndi. Bu da Kiminin işinə yaramadı. Qəza nəticəsində rəqiblərdən birinin ona toxunması bolidinin çevrilməsi ilə nəticələndi. Böyük əziyyətlə irəliləyən pilot təhlükəsizlik maşını rejimindən yararlana bilmədi , əksinə, qazandıqlarını da itirdi. Ancaq ədalət naminə qeyd etməliyik ki, bu qədər qəza olduğu yarışda Kimi insidentlərdən məharətlə qaça bilirdi. Komandasının taktikası da düzgün idi.

Onu da əlavə edək ki, yarış zamanı idarə etdiyi “Chevrolet”də diffuzor problemi yaşandı. Bu da tempə müəyyən qədər təsir göstərdi. Nəticədə Raykonen yarışı 29-cu yerdə tamamladı.

507a2615 c50e 4a2f a347 19dc5c87ae2c - Futbolinfo.az

“Stüart-Reysinq-Haas” komandasında çıxış edən Batton isə özünü daha sakit apardı. Sanki britaniyalı pilotun əsas vəzifəsi xəta olmadan 68 dövrəni başa vurmaq idi. Bu səbəbdən də o, gərgin hadisələrdən kənarda qalmaq yolunu tutmuşdu. Kiminin bəxtinin gətrimədiyi qəza isə onun işinə yaradı. Finlandiyalı pilotdan fərqli olaraq, yaxşı tanıdığı bu trasda Censon 6 pillə də qazana bildi və yarışı 18-ci yerdə yekunlaşdırdı. Batton üçün bu dəfə əsas təcrübə idi. Belə ki, britaniyalı pilot bu il daha 2 trasda çıxış etməyə razılıq verib. Onun növbəti çıxışı iyulun 2-də Çikaqonun yenilənmiş trasında olacaq. Kiminin isə NASCAR-dakı proqramı hələlik bəlli deyil.

Yarışı izləyənlər keçmiş Formula 1 sürücülərini elə də çox görə bilmirdilər. Rejissorlar diqqəti daha çox liderlər qrupuna yönəltmişdilər. Kimi ilə Censon isə yarışın böyük hissəsində iyirmilikdən kənarda olduqlarına görə diqqətdən kənarda qalmışdılar.

Yarışın özünü isə “Toyota” maşınında çıxış edən “23XIRacing” komandasının üzvü Tayler Reddik qazandı. Bütün yarışın yarısından çoxunda liderlik edən Reddik bir neçə pilotla amansız rəqabət apararaq finiş xəttini birinci keçdi.

SİYAVUŞ ƏLİYEV

1f595b5e bb17 41ed a774 2cd7a2794135 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp