“Real”ın baş məşqçisi Karlo Ançelottinin yeni mövsümə harada başlayacağı dəqiqləşməyib. Onun Madriddə qalması da mümkündür, başqa kluba keçidi də, Braziliya millisinə təyinatı da.

Futbolinfo.az “Marca”ya istinadla xəbər verir ki, “Real” rəhbərliyi italiyalı mütəxəssislə bağlı fikrini dəyişib. La Liqada “Barselona”ya məğlubiyyətdən sonra onun tezliklə postunu tərk edəcəyi, rəhbərliklə münaqişə yaşadığı barədə xəbərlər yayılmışdı. Amma Çempionlar Liqasında yola davam edilməsi, üstəlik Ançelottinin ciddi heyət problemlərinə rəğmən, komandanı yaxşı səviyyədə saxlaması nəzərə alınaraq ona daha bir il şans vermək lazım bilinib. İspaniya mətbuatına inansaq, Karlo qovulmayacaq.

Maraqlıdır ki, Braziliyada da Ançelottinin yolunu gözləyirlər. Bu ölkənin millisinə daimi deyil, müvəqqəti baş məşqçinin təyin edilməsi hər şeyin yaya planlandığını, italiyalının “Real”dan ayrılan kimi Cənubi Amerika təmsilçisi ilə anlaşacağını göstərir. Braziliya millisinin futbolçuları da təcrübəli məşqçini gözlədiklərini açıqlamalarında etiraf edir.

Məsələyə Braziliya Futbol Federasiyasının prezidenti Ednaldonun münasibəti də maraqlıdır: “Ançelottiyə həqiqətən heyranam. O, sadəcə, oyunçuların deyil, azarkeşlərin də favoritidir. Braziliyada haraya getsəm, məndən ilk olaraq onun haqda soruşurlar. Uyğun zamanı gözləyirik. Görək onu gətirməyi bacara biləcəyikmi?”

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp