“Avstriya ilə oyuna baxdım və əlbəttə ki, milli komandadan yaxşı çıxış gözləyirdim. Bilirdik ki, oyunun favoriti Avstriyadır. Ancaq yığmadan bu qədər zəif oyun gözləmirdim. Komandanın zəif oynaması təəccübləndirdi” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Səbail”in yarımmüdafiəçisi Rahid Əmirquliyev deyib.

Milli komandamızın sabiq üzvü Azərbaycan yığmasının AÇ-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4 hesablı məğlubiyyətindən danışıb. O, komandamızın bu gün İsveçə qarşı keçirəcəyi matçdan da söz açıb: “Bu oyuna baxanda gələcək matçlar üçün ümid yoxdur. Amma bir şey var ki, komanda bir matçda pis çıxış edib deyə həmişə bu cür oynayacağını düşünmək olmaz. İnanırıq ki, yaxşı oynayacaqlar. Onu da qeyd etmək lazımdır ki, qrup çox çətindir. Rəqiblər bizimlə oyunlarda aşkar favoritdirlər, yalnız Estoniyanı çıxmaq olar. Amma bu komandalara qarşı “döyüşmək” olar. Nə qədər ağır olsa da, məğlubiyyətlərin çox olacağını əvvəlcədən proqnozlaşdırmaq olar”.

Rahid bugünkü oyundan da danışıb: “İsveç oyunun aşkar favoritidir. Onlar güclü heyəti var, yaxşı komandaya sahibdirlər. Üstəlik, birinci oyunda uduzublar. İstəyəcəklər ki, meydandan 3 xalla ayrılsınlar. Bizim milliyə çətin olacaq. Bir xalla qayıda bilsək, bu, bizim üçün əla nəticə olar. Bərabərlik qələbəyə bərabər nəticə sayılmalıdır”.

“Baş məşqçi verdiyi qərarlara görə tənqid edilir. Səncə, tənqidlər haqlıdırmı” sualına isə Əmirquliyev belə cavab verib: “Normal haldır, futbolda günahkar həmişə məşqçidir. Bəlkə kimsə haqlı tənqid edir, bəlkə kimsə haqsızdır. Amma mən də düşünürəm ki, baş məşqçinin bəzi qərarları yanlış idi. Heyətdə fərqlilik olmalı idi. Gənc qapıçı Yusif İmanova şans verilməməli idi. Demirəm ki, pis qapıçıdır, sadəcə, təcrübəsizdir. Onu birdən-birə belə oyunda start heyətdə meydana buraxmaq doğru deyildi. Heyətdə təcrübəli Emil Balayev və Səlahət Ağayev kimi qapıçılar olduğu halda, seçim düzgün deyildi”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp