“Mingəçevir” klubunda mövsüm ərzində ikinci baş məşqçi istefası reallaşdı. I Divizonda mübarizə aparan Nur şəhərinin təmsilçisi mövsümə Azər Həşimovla başlasa da, komandanın qeyri-sabit çıxışından sonra məşqçi klubdan ayrıldı.
Daha sonra klubun İdarə Heyəti bu posta Şəhruz Mustafayevi gətirdi. Lakin o da “Mingəçevir”də baş məşqçi kimi duruş gətirə bilmədi. Mustafayevin komandası ardıcıl 6 oyunda qələbəyə həsrət qalaraq bu görüşlərdə cəmi 2 xal qazanınca yollar ayrıldı.
“Mingəçevir”in İdarə Heyətinin rəhbəri Ruslan Həmidov komandanın son vaxtlar uğursuzluğa düçar olmasını futbolçuların zəif çıxışı ilə əlaqələndirir. Onun sözlərinə görə, baş məşqçi səlahiyyətlərini mövsümün sonuna qədər müvəqqəti olaraq Sönməz Quliyev icra edəcək.
Həmidov əsas məqsədlərinin qalan 8 görüşdən maksimum xal yığaraq turnir cədvəlinin ortalarında qərarlaşmaq və növbəti mövsüm üçün komandanın yeni heyətini formalaşdırmaqdan ibarət olduğunu deyir.
“Mingəçevir” növbəti matçını martın 29-da səfərdə “Sumqayıt-2” komandasına qarşı keçirəcək. Komanda cari mövsümdə yığdığı 15 xalla 14-cü pillədə qərar tutub.
BƏHRUZ MUSAYEV, MİNGƏÇEVİR