AFFA Canni De Byazini istefaya göndərə bilər. Onun məsələsi bu həftə həllini tapacaq.

Futbolinfo.az xəbər verir ki, hazırda milli komanda ilə birlikdə vətənə qayıdan AFFA rəhbərliyi qarşıdakı iki gün ərzində müzakirələr aparıb yekun qərarı verəcək. İtaliyalı mütəxəssisdən hesabat istəniləcək, daha sonra real addımlar atılacaq. De Byaziylə ilin sonunda bitəcək müqaviləyə qarşılıqlı razılıqla xitam verilməsi və ya onun kompensasiya ödənərək qovulması mümkündür.

AFFA-nın əl-ayağa düşməsinin səbəbi var. Nəticələr çox pisdir və futbol ictimaiyyəti ciddi şəkildə narazıdır. Artıq yüksək dairələrdə də futbol qurumunun uğursuz fəaliyyəti ciddi müzakirə olunur. Belədə dəyişikliklər qaçılmazdır və assosiasiya özünü qorumaq üçün günahları De Byazinin boynuna qoyaraq onu yola salmağa çalışır.

İtaliyalı təbii ki, nəticələrə görə cavabdehdir, günahkardır. Lakn illərdir məşqçilər dəyişirsə, nəticələr yaxşılaşmırsa, deməli, AFFA-ya da “əl gəzdirilməlidir”. İslahatlar gec-tez aparılacaq, lakin qurum rəhbərliyi zaman qazanmaq, hakimiyyət müddətlərini bir az da uzatmaq üçün manevr etməyə çalışır. Halbuki ilk öncə məhz AFFA rəhbərliyi, xüsusilə də İcraiyyə Komitəsi tam tərkibdə dəyişdirilməlidir.

De Byazi istefaya göndərilsə, yeni baş məşqçi mütləq yerli mütəxəssis olacaq. Artıq əcnəbiləri dəstəkləyənlərin limiti tükənib və onların sözü diqqətə alınmayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp