“Heyət düzgün qurulsaydı, hər şey fərqli ola bilərdi. Həm də Avstriyaya 1:4 hesablı ağır məğlubiyyət uşaqları “sındırdı”. Onların gözü qorxdu və sonda belə nəticə alındı” – bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədov deyib.
Təcrübəli futbolçu Azərbaycan yığmasının İsveçə 0:5 hesablı məğlubiyyətindən danışıb: “İstənilən halda, futbolçular mətbuatda, sosial şəbəkələrdə yazılanları oxuyurlar. Bu, onlara təsir edir. Əgər Avstriyaya 0:1 hesabı ilə uduzsaydıq, hər şey bəlkə də fərqli olacaqdı. Lakin ilk oyundakı nəticə onları stressə saldı. Düzgün heyət qurulsaydı, fərqli oyun görərdik. Millidə elə futbolçu var ki, o da bilir heyət yanlışdır. Amma məşqçinin fikrinə hörmət edərək heç nə demir. Özüm də millidə olsam, onu demərəm. Görürsən ki, futbolçular başqa yerdə söhbət edəndə bildirirlər ki, heyət doğru deyil. Avstriya ilə matçda konkret hər şey səhv idi. İsveçlə matçda start “11-lik” müəyyən qədər doğru idisə də, əvəzetmələr yanlış idi. Məsələn, meydandan Höccət Haqverdi çıxarılır, yerinə Cəlal Hüseynov salınır. Halbuki Cəlal “Şamaxı”da sonuncu müdafiəçi kimi çıxış edir, sağ cinahda oynamır. Komanda ilə səfərə iki sağ cinah müdafiəçisi gedib – Höccət Haqverdi və Tellur Mütəllimov. Əgər Tellur heyətə salınmayacaqdısa, orada nə işi var idi? Heç adı ilk “23-lük”də yox idi. Bunun harası düzgündür? Tellur sağ cinahda oynaya bilmirdisə, zəif idisə, niyə dəvət edirdin? Dəvət edirdinsə, niyə oynatmırsan?”
Asif Məmmədov bildirib ki, hansı məşqçi gəlsə, heyət eynidir, amma bu oyunçulardan doğru istifadə etmək lazımdır: “Əgər sən meydana doğru oyunçuları buraxısansa, nəticə olmursa, kimsə qınaya bilməz. Hamı deyəcək ki, hər şey doğrudur, amma uda bilmədik, heç-heçə edə bilmədik. Baxırsan ki, bu oyunlardan sonra yazılan ilk cümlə o idi ki, heyət düz qurulmayıb. Futboldan danışan yox idi, hamı Canni De Byazinin ilk “11-liy”indən danışırdı. Dünən də 0:5 uduzduq, amma nəticə o olmamalı idi. Bu komandanın potensialı başqadır. Problem baş məşqçidədir. Heyət yaxşıdır, uşaqlar yaxşıdır, ancaq onlara yol göstərmək lazımdır. De Byazi düz istiqamət verə bilmir. Hamısı öz klublarında oynayanlar idi”.
Yarımmüdafiəçi baş məşqçi dəyişikliyi olacağı halda, doğru sistem qurulacağı halda Millətlər Liqasında uğur qazanmağın mümkün olduğunu bildirib: “Çox şey etmək olar. 5 oyunluq qələbə var idi. Həmin matçlara baxın, heyət hamının ürəyincə idi. Kim formada idisə, meydana çıxırdı”.
FƏRİD