Ötən günlərdə reallaşan iki istefa gözlənilməzliyi ilə yadda qaldı. Həm Antonio Konte, həm də Yulian Naqelsmann klublarındakı işləri ilə heç də pis təsir bağışlamırdı. Lakin onlarla bağlı erkən qovulma qərarı verildi.
Futbolinfo.az xəbər verir ki, “Bayern” Naqelsmanna təzminat ödəyəcək. “Tottenhem” isə yayda müqaviləsi bitəcək Konteylə razılığa gələrək anlaşmaya qarşılıqlı xitam verdilər.
Kontenin bu aqibətlə üzləşməsi onun statistikasının yaxşı olması baxımından gözlənilməzdir. Belə ki, italiyalı qələbə faizinə görə londonluların tarixində ən yaxşı 2-ci çalışdırıcıdır (azı 38 oyunda iş başında olanlar arasında). 56 matçda 32 qələbə, 9 heç-heçə, 15 məğlubiyyət görən mütəxəssis, orta hesabla hər matça 1,88 xal qazanmışdı. Yalnız Mauritsio Poçettino cüzi fərqlə üstündür – 1,89.
Naqelsmanna gəlincə, o, Almanya nəhənginin 4-cü ən yaxşı çalışdırıcı idi. Yulian yalnız Xosep Qvardiola (2,52), Hansi Flik (2,45) və Karlo Ançelotidən (2,38) geri qalırdı. Gənc məşqçi 2,19 xallıq göstərici ilə münhenlilərin tarixində yerini aldı.