Artıq hamı ortaq məxrəcə gəlir. Əksəriyyətin qənaəti budur ki, milli komandanın uğursuz çıxışına görə AFFA günahkardır. Futbolçuların, məşqçilərin hədəf seç(dir)ilməsi dövrü arxada qalıb, bu illər ərzundə məşqçi və futbolçu heyətinin dəfələrlə dəyişməsinə baxmayaraq, nəticələr düzəlməyibsə, bu sahəyə cavabdeh qurumda islahatlar olmalıdır.
Təsadüfi deyil, sosial şəbəkələrdə, xüsusilə teleqram kanallarında aparılan çoxsaylı sorğularda hamı günahkar kimi AFFA-nı, futbol təsərrüfatına rəhbərlik edən şəxsləri göstərir. İdman verilişlərində, mətbuatda açıqlamalar, şərhlər, analitik yazılar da birxəttlidir.
Proseslərin davamı kimi dünən İctimai Televiziyada yayımlanan “Sabaha saxlamayaq” tok-şousunda da qonaqların ümumi qənaəti bu yöndə oldu. Və aparıcılar qərar verdilər ki, müzakirələr AFFA rəsmilərinin ekrana çıxmasına qədər uzadılsın. Dünən səfərdə olduğu üçün verilişə qatıla bilməyən assosiasiya nümayəndələrinin bəhanəsi beləcə aradan qaldırıldı. Bu gün də eyni verilişdə eyni mövzu müzakirə ediləcək.
Lakin indi əsas sual “Sabaha saxlamayaq” tok-şousuna AFFA-dan kimlərin qatılacağıdır. Bəlkə də gün ərzində qurumda bunun mübahisəsi gedəcək, hamı bir-birinin kölgəsində gizlənməyə çalışacaq. Çünki hər kəs indiki durumun çox həssas olduğunu bilir və ictimai qınaqdan yayınmağa çalışırlar.
Lakin İTV də bu məsələdə israrçı olmalıdır, AFFA-dan göndərilən istənilən nümayəndə ilə kifayətlənməməlidir. Hesabat vermək zamanıdırsa, illər ərzində ən böyük günahları boynuna yükləyənlər canlı efirə çıxarılmalıdır.
İndiki anda assosiasiya mətbuat xidmətinin rəhbəri Firuz Abdullanı önə verəcək. Lakin bu şəxs yalnız qurumun sözçüsüdür, onun müzakirələrdə iştirakı, uğursuzluqlara görə cavabdeh kimi təqdim edilməsi doğru olmaz.
Heç baş katib Sərxan Hacıyev də “müttəhim kürsüsü”ndə əyləşməməlidir. Ona görə ki, o, bu postda yenidir, hələ öz taleyi qeyri-müəyyəndir, sanki Yusif Sərrac roluna təhkim edilib. Düzdür, illərdir AFFA-da çalışır, Elxan Məmmədovun müavini olub, Parisə qaçan bu şəxsin günahlarında müəyyən pay sahibidir. Lakin müstəqil fəaliyyətə az öncə başladığını nəzərə alsaq, AFFA-nın indiki rəhbərliyinin 15 illik günahlarına görə məhz onun cavab verməsi düzgün olmaz. Yarıtmaz fəaliyyəti ilə seçilən Frits Stuxlikin, əcnəbi məşqçilərin məhz onun zamanında göndərildiyini də unutmayaq. Təbii ki, Hacıyev süddən çıxmış qaşıq deyil, lakin onu 10 ildən çoxdur Azərbaycan futbolunun başına corab hörən İcraiyyə Komitəsinin üzvləri ilə müqayisə edə bilmərik.
İTV prosesə başlamışkən, milli komandanın uğursuzluğuna görə birbaşa günahkar olan şəxsləri efirə çıxarmağa çalışmalıdır. Kimlərdi onlar?
Nəticələrə birbaşa cavabdeh olan Canni de Byazi…
İllərdi verdiyi qərarlarla futbolumuzu bataqlığa pərçimləmiş, bu təyinatları təsdiqləmiş, müxtəlif mənasız layihələrə “baş üstə” demiş İcraiyyə Komitəsinin bütün üzvləri…
Məşqçi seçimlərində fikri öyrənilən Məşqçilər Komitəsinin üzvləri, qurumun rəhbəri, eyni zamanda vitse-prezident olan Vaqif Sadıqov…
15 ildir Azərbaycan futbolunun başında dəlləklik öyrənən, bütün layihələri uğursuz olan, mütəxəssisləri pərən-pərən salan, marketoloq dostlarını müxtəlif vəzifələrə, klublara yerləşdirən, birbaşa maliyyə yönləndirmələrinə rəhbərlik edən vitse-prezident Elxan Məmmədov…
Hər dəfə təyin olunan məşqçiləri tərifləyən, Qurban Qurbanov istisna olmaqla, hamısına vaxt verilməsini dəstəkləyən, rəhbərlik etdiyi uşaq məktəbində heç kim yetişməyən Kazbek Tuayev…
İK üzvlərinin hərəsinə bir sahə həvalə edilərkən milli komandalar üzrə kurator seçilən vitse-prezident Elşad Nəsirov…
Ən ağrılı yerimiz olan uşaq futboluna cavabdeh olan, özü fəaliyyətini başa vurduqdan sonra gizli seçki ilə oğlunu Uşaq Futbol Federasiyasına prezident seçdirən, AFFA yarandığı gündən komitə üzvü olan Rauf Əliyev…
Hər dəfə “malalayan açıqlamalar”la əhnəyə çıxan Mahir Məmmədov, İsgəndər Cavadov, Zaur Axundov və digər İK üzvləri…
De Byazini Azərbaycan millisinə gətirən, eləcə də yığma üçün milliləşdirilən bütün futbolçuların meneceri Riad Rəfiyev…
Siyahını uzatmaq olar, amma ən vacibləri bu şəxslərdir. Onlardan ən azı bir neçəsini hesabat üçün efirə çıxarıb, daim həqiqətləri deyən, bugünlərin proqnozunu illərdi verən həqiqi mütəxəssisləri, jurnalistləri müzakirələrə qoşmayacağı halda İTV-nin verilişi lazımi effekti verməyəcək. AFFA-nın mətbuat katibini əsl cavabdehlərin əvəzində efirə çağırmaq gözdən pərdə asmaq olacaq.
FƏRİD