Avropa çempionatının seçmə mərhələsində ilk iki turdan sonra qapısından 9 qol buraxan millimiz hazırda ən pis göstəriciyə malik komandalar arasında yalnız Lixtenşteyn millisini qabaqlayır. Belə ki, “cırtdan” ölkənin futbolçuları da ilk iki oyunda xal yox, qapısına top toplayıb. Yəni, bizdən 2 qol artıq buraxıblar.
Amma çətin ki, Portuqaliyaya 0:4 və İslandiyaya 0:7 hesablı məğlubiyyətlər adıçəkilən ölkədə bu qədər əks-sədaya səbəb olsun. Çünki futbol bu ölkədə sadəcə, formallıq xatirinə mövcuddur. Lixtenşteyn Futbol Federasiyasının büdcəsinə, layihələrə xərclədikləri məbləğlərə baxsaq, bu sahəyə böyük diqqət ayırmadıqlarını görərik. Həm də biz 39000-ə yaxın əhalisi olan ovuc boyda ölkənin hansı potensialından danışıb özümüzü onunla müqayisə edə bilərik ki?
Müqayisə etmək lazımdırsa, özümüzü postsovet məkanına daxil olan ölkələrlə yanaşı tutmalıyıq. Təbii ki, bizim kimi UEFA bayrağı altında yarışan komandaların nəticələrinə diqqət ayırmalıyıq. Fərqi yoxdur, 19 il əvvəl Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan Latviya millisinə də baxıb ilham ala, ya da bazar günü Danimarka ilə oyunda 0:2 hesabıyla geridə olduğu halda 16 dəqiqə ərzində 3 qol vuraraq qalib gələn Qazaxıstan yığmasından ibrət götürə bilərik. Belə baxanda Millətlər Liqasında bizimlə eyni qrupda olan qazaxların nəyə qadir olduğunu özümüz də yaxşı gördük.
Belə komandalara baxıb necə inkişaf etməyin yollarını tapmalıyıq. Nə uzaq keçmişdəki latışlar, nə də bugünün qazaxları əcnəbi məşqçilərin başına bizimkilər kimi şabaş töküb onlardan nəticə tələb etməyiblər. Doğrudur, son illərə qədər qazaxların əcnəbi mütəxəssisləri olub. Amma onlar niderlandlı Arno Paypers, çexiyalı Miroslav Beraneklə Mixal Bilek və bolqarıstanlı Stanimir Stoylova illərlə ehtiyac duymadı. Həmin məşqçilərlə böyük işlər görə biilmədiklərini anlayıb dərhal yollarını ayırdılar. Doğrudur, bu müddət ərzində Qazaxıstan yığmasını rusiyalı mütəxəssislər çalışdırıb. Elə indiki məşqçi Maqomed Adiyev də Rusiyanı təmsil edir. Amma Qazaxıstanın Rusiya ilə çox yaxın əlaqələrini nəzərə alsaq, onları əcnəbi adlandırmaq doğru olmaz.
Bir də ki, yuxarıda adları çəkilən mütəxəssislərin çəkisi də bizim millini çalışdıran Berti Foqts, Robert Prosineçki və Canni De Byazi qədər deyil. Üstəlik, onların məvacibi ilə “bizimkilər”in qazancı eyni pulqabıya sığmır. Həm də ki, onların federasiyalarının fəaliyyət prinsipi ilə bizim AFFA-nın milliyə yanaşma tərzi eyni olmayıb. Biz orada-burada doğulanları “azərbaycanlı” edib milliyə dəvət etmişiksə, qazaxlar yalnız öz sərhədləri daxilində dünyaya gələnlərə millininin “formasını biçirlər”, mümkün qədər akademiyaların inkişafına pul ayırırlar. Bir sözlə tər töküb işləyirlərsə, bizimkilər pul töküb dişləmək məqsədi güdüb. Halbuki, bu müddət ərzində əcnəbilərə xərclənən pulların müqabiində qaz vurub qazan doldumasaq da, öz tavamızda nəsə qızarda bilərdik.
Amma təəssüf ki, bu müddət ərzində özümüz öz yağımızda qovrulduq və rəqiblərin menyusunda əsl reseptə çevrildik. Halbuki, “import” mallara pul xərcləyənə qədər, uğur reseptimizi hazırlaya bilərdik. Uğurlu olmaq üçün isə şablon səslənən, amma həqiqəti əks etdirən uşaq futboluna, akademiyalara diqqət ayırmaq lazımdır.
Məsələn, AFFA hazırda bir əldə iki qarpız tutmağın mümkünsüzlüyünü anlayıb, bir əldə bir qarpız və bir alma tutmaq eşqinə düşüb. AFFA-nın iş prinsipi ilə desək, qarpız pula bağlı olan əcnəbi məşqçilər və kənar oyunçulardırsa, alma Tovuzda futbol akademiyasını yaratmaqdır. Biz onlara qarpızlarının yaxşı yetişmədiyini söyləyirik, onlar bizə Tovuzda yetişdirməkdə olan almalarını nümunə gətirir. Halbuki, qarpıza xərclədikləri pulları almalara buraxıb buna qədər daha effektli məhsul ortaya çıxara bilərdilər.
Çox mübaliğəyə varmadan konkret rəqəmlərə keçəcəyik. Məsələn, AFFA öz hesabatında açıqlayıb ki, FİFA və UEFA tərəfindən Tovuzdakı akademiyaya 3,5 milyon AZN, AFFA tərəfindən isə 800 min AZN ayrılıb. Bir sözlə, 4 milyondan bir qədər artıq. Yəni, xərclərin 81 faizi yardımın, 19 faizi isə öz cibimizin məhsuludur. Amma gəlin görək federasiya əcnəbi mütəxəssislərə nə qədər maaş verib? Təbii ki, öz cibindən – onu da FİFA və ya UEFA bizim yerimizə edən deyil.
Deməli, Berti Foqts bizdə işlədiyi 2008-2014-cü illər aralığında ilə 1 milyon 128 min avro məvacib alıb. Hə, yalnız son bir ildə güzəştə gedərək 960 min avroyla kifayətlənib. Ümumiləşdirsək, 6 ilə 7-8 milyon avro edir.
Robert Prosineçki isə 2014-2017-ci illər aralığıda işləyib və ilə 1,2 milyon avro qazanc əldə edib. Gedənə yaxın, federasiya ona 1,5 milyon avro məvacib təklif edib, amma xorvatiyalı vicdanının səsinə qulaq asaraq qalmaq istəməyib.
Əcnəbi sevdasından əl çəkməyən AFFA yenidən kənardan mütəxəssis gətirmək qərarına gəlib. Özü də bu dəfə Robert Prosineçkinin həmyerlisi Nikola Yurçeviçə qarmaq atıblar. Bir tsikl burada qalan Yurçeviçə 300 min avro ödənilib. Ucuz ətdən şorba hazırlamağın da bir şey olmadığını görən federasiya rəhbərliyi Albaniya millisində ilə 154 min avroya işləyən Canni De Byaziyə elçi düşüb. İlk ilinə 900 min avroluq məvaciblə italyan mütəxəssisi tovlayan assosiasiya sonradan 10 aya ona 500 min avro ödəyib. Doğrudur, hiss olunur ki, tası aşağı salmaqla müəyyən mənada tənqidlərdən yaxalarını qurtarmağa cəhd ediblər. Amma yenə də nəticələrin müqabilində özlərini növbəti dəfə xərcləyiblər.
Bu müddət ərzində milynolarla avroları müxtəlif regionlarda akademiyalara ayırsaydılar, təbii ki, hələ də millinin nəticələri yaxşı olmayacaqdı. Amma biləcəkdik ki, gələcəyə kapital qoymağı bacarmışıq. Hələ bu pula yerli uşaq məşqçilərini də xaricə yollamaq olardı. Hər halda, onlar da ən azı Niderland və Portuqaliya akademiyalarında futbolçu yetişdirməyin yollarını öyrənərdilər.
Təbii ki, bütün bunlar AFFA-nın marağında deyildi. Strategiya üzərində baş sındırmaqdansa, əcnəbi məşqçilərin taktikasına bel bağlamaq onlar üçün daha sərfəli oldu. Daha başa düşmədilər ki, 1996-cı ildə Almaniya millisini Avropa çempionu edən Berti Foqts məktəb görən ölkənin futbolçuları ilə uğur qazanmağı bacara bilər. 11-ci sinifin fizika müəllimini ibtidai sinifə gətirib onlara Nyutonun qanunlarını başa salmaq bir işə yaramayacaqdı. Futbolun qanunlarından anlayışı olmayan yerli oyunçulara nə Foqts, nə Prosineçki, nə də De Byazi heç nə öyrədə bilməz.
Əslində, futbolun qanununu bilməmək ifadəsini lap yerində işlətmişik. Çünki futbolun qanunu odur ki, bizim kimi ölkələrdə yetişənlər nəyin bahasına olursa olsun, xaricə üz tutmalıdır. Amma bu gün Azərbaycan futbolçusu üçün əsas prioritet vətənində pul qazanmaqdır. 8-10 komandalı və azarkeşiz vətən çempionatında isə futbolun dilini öyrənmək mümkün deyil.
Sovet dövründə “Neftçi”nin skautları (o vaxt bu ixtisas olmasa da, məşqçiıər bu işi görürdü) ölkəni qarış-qarış gəzib istedadlıları Bakıya gətirirdi. Amma indi bunu yada salan yoxdur. Klublar ancaq qapılarını uşaqların üzünə açıb bununla kifayətlənmək istəyir. Daha fikirləşmirlər ki, Almaniyada Məhəmmədlər dağın üstünə gedirsə, bizdə yox. Biz dağı Məhəmmədlərin üstünə aparmalıyıq. Çünki bizim Məhəmmədlər yaxşı futbol oynadıqlarını bilsələr də, gələcəklərinin futbolda görmürlər. Məsələ ondadır ki, inam yoxdur. AFFA-nın və ya klubların istedada baxmadığını bilib öz potensialına tüpürür və başqa sahədə qüvvəsini sınamaq istəyir. Amma dağın onların üstünə gəldiyini görsələr, özlərinə inam hissi artar.
Təəssüf ki, bütün bu deyilənlər, ancaq kağız üzərində qalır. Uğurun sirri işi və xalqı sevməkdədir. Bizdə isə ancaq pul sevgisi var. Ona görə də düşüncə, baxış dəyişməlidir. O dəyişməyənə qədər belə məsləhətlər də kağız üzərində qalacaq. Bizdə qarpızlar mövsümlükdür, ancaq yayda bitir.
ABBAS