“Əlbəttə ki, 5 oyunluq qələbə seriyasından sonra belə acı məğlubiyyətlər üzücüdür. İstənilən azərbaycanlı futbolsevər üçün çox ağır uğursuzluqdur” – bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin hücumçusu Ülvi İsgəndərov deyib.

Forvard Azərbaycan millisinin AÇ-2024-ün seçmə mərhələsində Avstriyaya (1:4) və İsveçə (0:5) məğlubiyyətlərindən danışıb: “Uğursuzluğun səbəbin bilmirəm. Amma pis nəticə varsa, günahkar bir nəfər deyil. Hamının burada günahı var. Nələrisə dəyişmək lazımdır ki, inkişaf olsun”.

İsgəndərov Canni De Byazidən toplanışdan əvvəl dəvət gözlədiyini də gizlətməyib: “Açığı, yığmadan dəvət gözləyirdim”.

Hücumçu klubu olan “Qəbələ”nin çempionatın son dövrəsindəki hədəflərindən də danışıb: “Milli fasilədən yararlanıb hazırlaşmışıq. Sonuncu dövrədə maksimum nəticə qazanmaq istəyirik. Ağır bir period bizi gözləyir. Həm kubok oyunları, həm də liqada əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Mövsümün sonunda istəyimizə çatmaq istəyirik”.

Shares: