AFFA rəhbərliyinin İctimai TV-nin dünənki canlı efirinə qoşulmamasının səbəbi bəlli olub. Bu barədə “Sabaha saxlamayaq” verilişinin aparıcısı Ürfan Məmmədli sosial şəbəkə hesabında məlumat verib.

Futbolinfo.az xəbər verir ki, həmkarımız paylaşımında Bunları yazıb:

“Əziz futbolsevərlər,

“Sabaha saxlamayaq” verilişinin 28.03.2023 tarixli buraxılışı Azərbaycan futboluna həsr olunmuşdu. Biz həmin müzakirələrimizdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası – AFFA rəsmilərini də görmək istəyirdik. Lakin onlar ölkəyə yeni döndüklərini və müzakirələrdə iştirak edə bilməyəcəklərini bildirdilər. Biz isə veriliş ərzində obyektivliyin qorunması üçün dəfələrlə AFFA-ya çağırış etdik və onlara da meydan vermək istədiyimizi vurğuladıq.

Çağırışlarımıza bu gün AFFA-dan cavab gəldi. Aprelin 10-u saat 18:15-də verilişimizdə AFFA-nın baş katibi Sərxan Hacıyev və digər rəsmi nümayəndələr iştirak edəcəklər. Bu o deməkdir ki, futbol üzrə milli komandamıza həsr edilmiş müzakirəmizi davam etdirəcəyik.

P.S.: Bu gün AFFA İcraiyyə Komitəsinin bir neçə üzvü ilə əlaqə saxladıq.

– Sabiq XİN rəhbəri Elmar Məmmədyarov “müzakirəyə futbolu dərindən bilən şəxsləri dəvət etsəniz, daha doğru olar” dedi. Səmimi olduğu üçün Elmar müəllimə təşəkkür edirəm.

– Fərid Mansurov davam edən güləş üzrə Azərbaycan çempionatına görə məşğuldur.

– Zaur Axundov və Rauf Əliyev ölkədə yoxdur.

– Vaqif Sadıqovun hərarəti var (Allah şəfa versin). Amma  müzakirələrdə iştirak etməyi çox istədiyini bildirdi.

– Kazbek Tuayev üzrxahlıq etdi və rusdilli olduğu üçün müzakirələrə qatıla bilməyəcəyini bildirdi.

Aprelin 10-u Sərxan müəllimlə yanaşı, İcraiyyə Komitəsinin üzvlərindən kimisə görəcəyimə inanıram”.

Xoş olan İTV-nin israrını davam etdirməsi və “Futbolinfo”nun təqdim etdiyi siyahıya biganə qalmamalarıdır. Televiziyadakı həmkarlarımız da bizim kimi düşünür, milli haqqında müzakirələrdə əsl cavabdehlər olan İcraiyyə Komitəsinin üzvlərini görmək istəyir.

Amma Ürfan bəyin qeydlərinə əlavələrimiz də var:

Belə ki, Sərxan Hacıyev efir müzakirələrinə iki həftə sonra qoşulmaqla sanki azarkeşlərin, tənqidçilərin əsəbinin soyumasını gözləyir. Həmin vaxta kimi milli komandanın uğursuzluğu böyük ölçüdə unudulacaq. Canni De Byazini qovmaq cəsarəti tapmayan assosiasiya rəsmiləri problemləri “malalamaq” üçün zaman qazanmaq istəyir. Həm də niyə bu gün, sabah, gələn həftə yox, məhz ayın 10-u? Yoxsa milli komandanı, eyni zamanda AFFA rəsmilərini gətirən təyyarə hava limanında enməyə yer tapa bilmir, aprelin 10-dək havada dövrə vuracaq?

Sabiq XİN rəhbəri Elmar Məmmədyarov “müzakirəyə futbolu dərindən bilən şəxsləri dəvət etsəniz, daha doğru olar” deyib. Əcəba, İK-da dərindən bilmədiyi sahədə aparılan müzakirələrə necə qatılır, taleyüklü məsələlərdə necə qərar verir? Bu sahəni dərindən bilmirsə, niyə İK üzvü olub?

Fərid Mansurov davam edən güləş üzrə Azərbaycan çempionatına görə məşğul olduğunu deyib. Mən bilən Mansurov karyerasını bitirib, özü güləşmir, verilişin təyin olunduğu vaxtda isə yarış keçirilmir. İnsaf naminə, Məmmədyarovun bəhanəsindən daha uğurlu bəhanədir…

Zaur Axundov və Rauf Əliyev ölkədə yoxdur. Yəqin doğru olar, əksini iddia edib yalançı olmaq istəmirik. Elə Vaqif Sadıqovun hərarətinin olması da mümkündür. Vaqif bəy illərdir faydasız olmağnın hərarətini/xəcalətini hələ çox çəkəcək. Cavab vermək zamanı gələndə həyəcanlanmaq normaldır. Bəlkə də Vaqif bəy yığmanın hər oyununa turist kimi gedib-gəldikdən sonra havasını dəyişdiyindən bu aqibətlə üzləşir.

Kazbek Tuayevin bəhanəsi fəaliyyəti kimi uğursuzdur. Əslində, o, özünü ifşa edib. Azərbaycanda rəsmi dövlət dili Azərvaycan dilidir və bütün vəzifə sahibləri doğma dilimizi bilməlidir. Maraqlıdır, Tuayev bu illər ərzində niyə özünə Azərbaycan dilini öyrənməyi rəva bilməyib və rəsmi dövlət dilini bilmədən hansı əsasla iş başında olub? Yoxsa AFFA İsraiyyə Komitəsində iclaslar rus dilində təşkil olunub?

İTV-dəki həmkarlarımıza verdikləri açıqlamalarla özlərini ifşa edən bu adamlar canlı efir müzakirələrinə qoşulsa, bilirsiz gündəmə nə mövzular düşər?

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp