“Şamaxı”nın yarımmüdafiəçisi Elvin Məmmədovun futbolinfo.az saytına müsahibəsi
– Növbəti oyununuz “Qarabağ”a qarşı olacaq. Bu matça hazırsız?
– Çalışacağıq ki, layiqli mübarizə aparaq. Liderə qarşı oynamaq hər zaman çətindir. Bizi ağır mübarizə gözləyir.
– “Qarabağ”la matçda heç-heçə sizin üçün əla nəticə sayıla bilərmi?
– Əlbəttə ki, xal alsaq, bizim üçün əla nəticə sayılacaq.
– “Şamaxı” yaxşı oyun göstərsə də, son nəticələr o qədər ürəkaçandeyil. Komanda yığmaların oyunları üzündən yaranmış fasilədən necə istifadə edib?
– İnanırıq ki, bu yaxşı oyunlar xalları da gətirəcək. Çəkdiyimiz əziyyətin bəhrəsini mövsümün sonunda görəcəyimizə çox ümid edirik.
– Milli komandadan söz düşmüşkən, oyunları izlədinizmi? Yığmamız Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə məğlub oldu. Matçları necə dəyərləndirirsən?
– Nəticə ürəkaçan deyil. Amma yenə də qarşıda oyunlarımız var. Həvəsdən düşmək olmaz. Oynayan yenə də bu uşaqlar olacaq. Onlara dəstək olmaq lazımdır.
– Təcrübəli futbolçu kimi millinin bu vəziyyətini necə şərh edərsən?
– İstənilən futbolçuya uduzmaq pis təsir edir. Onlar da qalib gəlmək arzusundadırlar, bunu çox istəyirlər.
– Səncə, durumu dəyişmək üçün nə lazımdır? Harada dəyişikliklər olmalıdır?
– Açığı, geridə qalan oyunları düşünmək lazım deyil. Qarşıdakı matçlara köklənmək vacibdir. Komandanın psixoloji durumunu yaxşılaşdırmaq lazımdır. Burada baş məşqçiyə böyük iş düşəcək.
– “Şamaxı”nın bir neçə futbolçusunun milliyə dəvət almalı olduğu barədə müxtəlif fikirlər var idi. Sən necə düşünürsən?
– Komandamızın futbolçuları haqqında bu cür fikirlər yaxşı haldır. Ümid edirəm ki, həmin uşaqlar təcrübə qazandıqca yığma komandaya çağırılacaqlar.
ABBAS