“Heydər Əliyev İli”, I yazı: SSRİ dönəmində respublikamızda idman infrastrukturunun yaradılması

Ulu öndər, Ümummilli lider Heydər Əliyevin hakimiyyət dövrünü iki hissəyə bölməliyik. Onlardan birincisi totalitar rejimli sovet dövrüdür. Məlum olduğu kimi, həmin rejimdə milli mənada böyük işlər görmək çox müşkül məsələ idi. Bu səbəbdən də respublikanın lideri milləti üçün hərhansı bir iş görərkən ciddi çətinliklərlə üzləşirdi. İdman da millət üçün ən vacib sahələrdən olduğuna görə bu yöndə atılan addımları böyük qəhrəmanlıq kimi qələmə vermək olar.

O dövrdə müttəfiq respublikaların idman göstəricilərinin hansı səviyyədə olduğunu spartakiadalarda aydınlaşdırmaq mümkün olurdu. Həmin dönəmə təsadüf edən V spartakiadada Azərbaycan Sovet Sosialist Respublikasını təmsil edən idmançılar çox uğursuz nəticələr göstərmişdilər. Sözsüz ki, belə zəif nəticələr Heydər Əliyevin diqqətindən kənarda qalmadı.

Hakimiyyətə yenicə gələn Ulu öndər iqtisadiyyatda və mədəniyyətin bütün sahələrində olduğu kimi, idmanda da yüksəlişin əldə edilməsini qarşıya vəzifə kimi qoydu. Onun təşəbbüsü ilə idmanın inkişafı məsələsi 1971-ci il oktyabr plenumunun müzakirəsinə çıxarıldı. Plenumda bədən tərbiyəsi və idmanın inkişafında dönüş yaradılması üçün bütün ictimai təşkilatlar və bədən tərbiyəsi təşkilatları qarşısında vəzifələr müəyyənləşdirildi.

Həmin plenumda çıxış edən Heydər Əliyev idmana təkan verəcək vacib cümlələri ilə yadda qaldı: “Respublikanın bədən tərbiyəsi və idman komitəsi öz işini yaxşılaşdırmalı, idman cəmiyyətlərinə rəhbərliyi gücləndirməlidir. Hər şeydən əvvəl, bədən tərbiyəsi hərəkatının kütləviliyinə nail olmaq, dünya idmanında qabaqcıl mövqelər qazanmaqda bədən tərbiyəçilərinə və idmançılara kömək etmək lazımdır. Bu, respublika idman cəmiyyətlərinin, həmkarlar ittifaqlarının və komsomolun şərəf işidir”.

8c6e0e60 696d 48fd 9d1b 88c5a314cc76 - Futbolinfo.az

Heydər Əliyevin bu çıxışından sonra respublikanın idman həyatında canlanma əmələ gəldi. Qeyd edək ki, ovaxta qədər respublikada idman, demək olar ki, ancaq paytaxtda cəmləşmişdi. Plenumdan sonra isə təkcə mərkəzi şəhərlər olan Bakı, Gəncə və Naxçıvanda deyil, respublikanın kənd rayonlarında da idmanın inkişafı üçün şərait yarandı. Kolxozlarda idman qurğuları və kiçik ölçülü stadionlar yaradılmağa başlandı.

Bunun sayəsində respublikamızda idmançıların sayı və idmanla məşğul olan həvəskarların sayı artmağa başladı. Belə olan halda yüksək ixtisaslı məşqçilərin mövcudluğu ön plana çıxdı. Tədricən bu sahədə də irəliləyişlər hiss edildi və idmançılar daha peşəkarcasına məşq etməyə imkan tapdılar.

Bütün bunlar SSRİ xalqlarının VI spartakiadasında Azərbaycan idmançılarının nəticələrinin nəzərəçarpacaq dərəcədə yaxşılaşmasına səbəb oldu. V spartakiadada qonşu dövlətlərdən geri qalan respublikamızın idmançıları bu dəfə onları qabaqlamağı bacardılar.

Bu uğurlara baxmayaraq, Heydər Əliyev idmanın respublikadakı vəziyyətindən tam olaraq razı deyildi. İdman infrastrukturunun səviyyəsi aşağı idi. Bütün SSRİ-də idman qurğularının inkişafına diqqət verildiyi halda, respublikamız bu mənada geridə qalırdı.

1969-cu ilin iyununda respublikamız nəhəng tikinti meydanını xatırladırdı. İdman infrastrukturu da yenidən qurulmağa başladı. İndi ölkəmizdə ən mötəbər yarışların keçirildiyi İdman Konsert Kompleksi, Bakı İdman Sarayı,atletika maneji, respublika velotreki, ADBTİA-nın binası, Olimpiya yığma komandaları üçün təlim-məşq bazası, Suraxanı Olimpiya Kompleksi, Buzovna qəsəbəsindəki “Gənclik” stadionu, Respublika Olimpiya Mərkəzi, Azərbaycan Texniki Universitetinin idman sarayı, Mingəçevirdəki Kür avarçəkmə bazası, motodrom və onlarla digər arena məhz Ulu öndərin təşəbbüsü ilə tikildi.

e3f0a5fc 78d2 44ea a1aa ad0594c5b2a4 - Futbolinfo.az

Xatırlatmaq lazımdır ki, həmin illərdə müttəfiq respublikalarda böyük idman komplekslərinin tikintisinə icazə almaq elə də asan deyildi. Müttəfiq respublikaların əksəriyyətində, adətən, bir ədəd böyük idman obyekti olurdu. Lakin Heydər Əliyev inadkarlığı sayəsində bu tendensiyanın və qaydanın aradan qalxmasına nail oldu. Nəticədə isə sonrakı nəsillər və beynəlxalq yarışları keçirmək üçün böyük idman qurğuları inşa edildi.

1975-ci ildə təkcə Bakıda 250 sadə idman meydançası və şəhərciyi salındı. Heydər Əliyevin xidmətləri sayəsində  paytaxtla yanaşı, Azərbaycanın 36 rayonunda 59 Uşaq-Gənclər İdman Məktəbi fəaliyyətə başladı. Kütləviliyi artırmaq üçün müxtəlif tədbirlər keçirilməyə başlandı. Bunlar arasında ən yaddaqalanı və mötəbəri 1970-ci ildə indiki Azadlıq meydanında 5000 idmançının nümunəvi çıxışlarını qeyd etmək lazımdır. Tədbirin mötəbərliyini və böyük effektə səbəb olacağını çıxışları canlı olaraq elə meydandan izləyən sovet dövlətinin başçısı Leonid İliç Brejnev də xüsusi vurğuladı.

15269baa ae2b 4dc1 9438 5ced9b5b0c20 - Futbolinfo.az

Bütün bunlar və tikilən idman obyektləri respublika daxilində idmanın inkişafına təkan verdi. İnşa edilən qurğuların boş qalmaması vacib şəkildə qeyd edilməlidir. Nəticədə respublikada idmanın kütləviləşməsi baş verdi. Bu isə idmançıların yarışlarda qüvvələrini sınamaq istəyinə gətirib çıxardı. Belə olan halda SSRİ spartakiadalarından başqa, respublikadaxili spartakiadaların keçirilməsinə başlandı. Belə turnirlər iki mərhələdə keçirilirdi. İlkin mərhələdə yarışlar bədən tərbiyəsi kollektivləri, ikinci mərhələdə isə şəhər və rayon miqyasında təşkil edilirdi. Spartakiadaların proqramına 20-yə yaxın idman növü üzrə yarışlar daxil edilirdi. Onlarla yanaşı, hər bir idman növünə aid daxili çempionatlar təşkil edildi.

Beləliklə, Heydər Əliyevin qayğısı sayəsində Azərbaycanda idman kütləvilikdən əsl ümumxalq hərəkatına çevrildi.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

fggfh 1 1 1 1 1 1 768x615 1 1 2 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp