“Araz Naxçıvan” Azərbaycan futbol tarixinə düşüb.
Futbolinfo.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi 1992-ci ildən təşkil olunan peşəkar səviyyəli turnirlərdə 5 və ya daha çox qol buraxan, lakin qalib gələn ilk komanda olub.
Bu, I Divizionun XXII turunun “Turan Tovuz-2” ilə səfər oyununda baş verib. Qonaqlar 6:5 hesabı ilə qalib gəlib. Azərbaycan çempionatının hər iki liqası (Premyer Liqa və I Divizion), kubokunun və Superkubokunun oyunlarında belə hadisə yaşanmamışdı.
Tovuz şəhər stadionundakı qarşılaşma Azərbaycan futbolu tarixinə hər iki komandanın 5 və ya daha çox qol vurduğu 6-cı görüş kimi düşüb. Bunadək bir dəfə Premyer Liqa (əvvəlki güclülər dəstəsi), dörd dəfə I Divizion (əvvəlki birinci dəstə) belə qarşılıqlı məhsuldarlıq qeydə alınıb. Həmin oyunların hamısı heç-heçə bitdiyi üçün 5 və ya daha çox qol buraxanların heç biri qalib gəlməyib. Yüksək liqadakı görüş 6:6, digərləri eyni – 5:5 hesabı ilə nəticələnib.
1998/99. “Viləş” – “Turan” – 6:6
2007/08. “Abşeron” – “ANŞAD-Petrol” – 5:5
2013/14. “Karvan” – MOİK – 5:5
2015/16. “Zaqatala” – “Şərurspor” – 5:5
2018/19. “Səbail-2” – “Sumqayıt-2” – 5:5
11 qolun vurulduğu matç həm də mövsümün rekordu ilə yadda qalıb. Bunadək ən məhsuldar görüş 2022-ci il sentyabrın 14-də keçirilən “Zaqatala” – “Səbail-2” qarşılaşması idi – 5:4.
“Turan Tovuz-2” – “Araz Naxçıvan” qarşılaşması PFL-in tarixində 3-cü ən məhsuldar oyundur. 2008-ci ildən ölkə çempionatının iki liqası, kuboku və Superkubokunun təşkil edən qurumun bayrağı altında yalnız 2 dəfə daha çox qol vurulub. Hər iki matç bu dəfə olduğu kimi I Divizionda baş tutub. Bu qarşılaşmaların birində 14, digərində 12 top qeydə alınıb.
2016/17. “Səbail” – “Bakılı” – 11:3
2015/16. “Energetik” – “Neftçala” – 0:12