Həyatda motivasiya tapmaq ən vacib xüsusiyyətlərdən biridir. İdmançı üçün isə bu keyfiyyət ikiqat vacibdir. Rəqabətin bu həddə çatdığı müasir idmanda motivasiyasız uğur qazanmaq mümkün deyil. Belə olan halda idmandan vaxtında getmək də vacib xüsusiyyətə çevrilir. Biabırçılıqla məğlub olmaqdansa, çempion kimi getmək daha yaxşıdır.
Sözügedən keyfiyyət Maqnus Karlsendə artıqlaması ilə var. O, ciddi motivasiya olmadan belə çempionluq tacını qoruya bilərdi. Amma bu, özünü aldatmaq olardı. Məhz bu səbəbdən də norveçli dahi dünya çempionluğu titulu uğrunda matçdan imtina etdi.
Bir aydan sonra onu bu taxtda əvəzləyəcək şahmatçının adına aydınlıq gələcək. Karlsen isə Astanadakı matçı izləməyəcəyini bildirib. Onun üçün həm oynamaq , həm də izləmək artıq maraqlı deyil.
Hal-hazırda da dünya şahmat reytinqində birinci olan Maqnus iddiaçılardan biri Yan Nepomnyaşini titul uğrunda matçda darmadağın etmişdi. Yenidən eyni potensiala malik şahmatçı ilə oynamaq maraqsız gəldi. Baxmayaraq ki, FİDE Karlsenə istədiyi şərtlərlə oynamaq imkanı da vermişdi. Lakin dürüstcəsinə həm FİDE-yə , həm də rəqibə səbəbini də izah etməklə imtinasını bəyan etdi.
10 ildir ki, dünya çempionu titulunu daşıyan Karlsen şahmat oynamağı buraxmayıb. Vaxtaşırı, həm klassik, həm də blits oynayan Maqnus gələn ay ölkəsindəki turnirdə iştirak edəcək.
Norveçli şahmatçının son vaxtlar başqa bir marağı əmələ gəlib. Doğrudur, bu maraq onda çoxdan var idi. Lakin son vaxtlar, şahmatdan bir qədər soyuduqdan sonra poker oyunlarının intensivliyini artırıb. Hazırda o, Slovakiyada Norveç poker çempionatında iştirak edir. Bratislavada keçirilməsinin səbəbi isə vətənində pokerin qadağan olunmasıdır. Ötən il çempionat İrlandiyada keçirilmişdi.
Hazırda onun üçün pokerin şahmatdan daha maraqlı olmasını sosial şəbəkələrdə yazılarından da görmək olar. Son yazısında bunu bariz şəkildə nümayiş etdirib: ”Poker üzrə Norveç çempionatı > Şahmat üzrə dünya çempionatı”.
Bu tarixçədə görünən bir şey var. Karlsen həmin matçı izləyəcək. Nə qədər də təkzib etməsinə baxmayaraq, əksini təsəvvür etmək mümkün deyil. Hətta, fikrimcə həmin qarşlaşmadan sonra gələn dəfə iştirak edəcəyini də bəyan edəcək. Çünki Karlsen bir şahmatçıdan da çox OYUNÇUDUR. Belə adamlar isə sakitləşə bilmir və hamıdan üstün olmağı istəyirlər. Biz azarkeşlərə isə bir qədər gözləmək qalır. Karlsenin dönüşü qaçılmazdır. Sadəcə olaraq , ona tay olan bir rəqibin peyda olması lazımdır.
SİYAVUŞ ƏLİYEV