“Sumqayıt” rahat nəfəs ala bilər. Tovuzda qazanılan qələbə “kimyaçılar”ın Premyer Liqada qalması yolunda önəmli addım oldu.
İnsaf naminə, bu gün daha yaxşı oynayan və qələbəni daha çox istəyən qalib gəldi. Evdə tez-tez büdrəyən “Turan Tovuz” növbəti uğursuz matçını keçirdi. Heyətdəki itkilər öz yerində, müdafiədəki kobud səhvlər komandanın xalsız qalmasına səbəb oldu. Ümumiyyətlə, topa nəzarətdə daha sərbəst olan qonaqlar vacib qolları vurub qərblilərlə xal fərqini 4-ə endirdi.
Meydan sahibləri hesabda iki dəfə önə çıxsa da, üstünlüyünü qoruya bilmədi. Baş məşqçi Ayxan Abbasovun məcburiyyətdən seçdiyi müdafiə üçlüyünə xeyli sualı olacaq. Xüsusilə yeni müqavilə bağlayan Şəhriyar Əliyevin fərdi səhvləri qeyd edilməlidir. O, artıq mövsümdə neçənci dəfə texniki cəhətdən qüsurlu oynamaqla rəqibə qol hədiyyə etdi. Abbasovun mövsümün gedişində panamalı müdafiəçi gətirməsi bununla bağlıdır. Legioner formaya düşdükdən sonra hətta Şəhriyar da heyətdən kənar qala bilər.
Ümunmiyyətlə, “Turan Tovuz”un oyunu alınmadı, yarımmüdafiədə işlər yolunda getmədi. Və bu, daha çox rəqibin mövsümdəki ən yaxşı oyunlarından birini keçirməsi ilə bağlı idi. Milli komandaların oyunlarına görə yaranan fasilədən Samir Abasov daha yaxşı istifadə edib.
“Sumqayıt” aitsayderlər qrupundan bir qədər uzaqlaşsa da, rahatlaşmamalıdır. Komanda hələ də sabit oynamır. Belə qələbələrin davamı gəlməyəcəyi halda 4-cü dövrənin açılış matçındakı qələbə əhəmiyyətini itirə bilər. Tovuzdakı qələbə aldadıcı olmamalıdır. Qərblilər eyni zamanda kuboku düşündüyü üçün sanki var gücü ilə oynamır, futbolçular zədədən qaçmaq üçün ehtiyatlanırdı. Komandanın əsl potensialı başqadır.
“Sumqayıt” öz işini gördü, indi növbə digər autsayderlərindir. “Qarabağ”la oynayan “Şamaxı”nın işi çətin olacaqsa, “Kəpəz”lə “Səbail”in Gəncədəki dueli daha maraqlı alınacaq. Meydan sahibləri qələbə qazanacağı halda vəziyyətini xeyli yaxşılaşdıracaq.
AĞA