“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, səfərdə 3:2 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımızı, azarkeşlərimizi təbrik edirəm. Möhkəm komandaya qarşı oynadıq. Bu gün qalib gəlsək də, Tovuzda əziyyət çəkən digər komandalar kimi, çətinliklə qalib gəldik. Ən yaxşı oyunlarımızdan birini keçirdik. Oyundan əvvəl bir xal da bizim üçün “çörək” idi. Şükürlər olsun ki, səfərdən 3 xalla dönürük. Əsas qapıçımız Aydın Bayramov zədələnib. Məcburiyyətdən İlnur Vəliyevi qapıya qoyduq. Halbuki, iki tur əvvəldən bunu etmək istəyirdik. Çünki ağır qrafik və son vaxtlar yol verdiyi səhvlər onun özünü təzyiqə salmışdı. İlnur bu gün özünü yaxşı tərəfdən göstərdi.
Kamran Əliyev komandaya ən gec gələn futbolçu olsa da, çox tez uyğunlaşdı. Dil probleminin olmaması onun üçün üstünlükdür. Bu gün iki qol vursa da, ideal oynadığını deyə bilmərəm. Bəzən oyundan qopurdu. Getdikcə, komandaya daha çox faydalı olacağını düşünürəm”.