“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın XXVIII turunda “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, 57 yaşlı çalışdırıcı mətbuat konfransında sonuncu yeri tutmamaq uğrunda “Şamaxı” ilə mübarizə aparacaqlarını söyləyib: “Bizim üçün axşam o qədər də xeyirli olmayacaq. Amma həyat davam edir. Buna görə də, ən azı uduzmamalı idik. 6 xala bərabər oyun idi. Futbolçular ikinci hissədə dayandılar. Belə meydanda oynamaq da çətindi. Son dəqiqələrdə üç hücumçu ilə çıxış etdik. Hələ heç nə bitməyib. Premyer Liqada qalmaq üçün “Şamaxı” ilə vuruşmalıyıq. Qarşıda hələ 8 oyun qalıb. Futbolçular uduzmaqdan qorxur. Qorxursansa, bu, başına gələcək. Ən böyük problemimiz psixologiya ilə bağlıdı. “Səbail” oyununa görə Premyer Liqada qalmağa layiqdi. Yolumuza davam edəcəyik”.
Diniyev qol imkanlarından yararlana bilməmələrini ustalıq səviyyəsinin aşağı olması ilə əlaqələndirib: “Ustalıq səviyyəsi çatışmır. İki metrdən qol vura bilmiriksə, bunun psixoloji durumla əlaqəsi yoxdu. Birdən-birə nəyisə dəyişmək olmur. Əvvəldən xalımız çox olsaydı, indi daha rahat idik. Reallıqla barışıb mübarizə aparacağıq. Xəyallarla yaşasaq, çox şey qura bilərik. Reallıqla barışmaq lazımdı”.
Baş məşqçi Gəncə şəhər stadionunun ot örtüyünün yararsız olmasından da gileylənib: “Burada oynamaq olmaz. Futbolçuların ayağı yerə batırdı, hərəkət etmək olmurdu. İkinci hissədə futbolçularım dayandılar. Çünki qaça bilmirdilər. Meydança çox pis vəziyyətdədi. Futbolçuları qorumaq üçün burada oynamaq olmaz”.
BƏHRUZ MUSAYEV, GƏNCƏ