“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın XXVIII turunda “Səbail”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, 52 yaşlı mütəxəssis vacib qələbə qazandıqlarını bildirib: “Rəqibə oynamağa imkan verməməyə çalışdıq. Onları təzyiqdə saxladıq. 9 xallıq oyun oldu. Bu, bizə böyük motivasiyadır. Uğurlu çıxışın davamını gətirmək istəyirdik. Bu gün ən çox nəticə üçün çalışdıq. Gözəl mübarizəyə görə futbolçularıma təşəkkür edirəm”.
Bölgə təmsilçisinin çalışdırıcısı Gəncə şəhər stadionunun ot örtüyünün yaxşı olmamasından şikayətlənib: “Oyun keyfiyyəti bir az aşağı idi. Ancaq peşəkarlar üçün problem olmamalıdır. Meydançanın bu vəziyyətdə olması bizim üçün də üzücüdür. Ot örtüyü yaxşı olsa, oyunlarımız da daha keyfiyyətli alınar”.
O, futbolçuların maaşının artırılmasının vacibliyini vurğulayıb: “Hələ ki, heç kimlə danışıq olmayıb. Premyer Liqada qalmağımız dəqiqləşəndən sonra futbolçularla danışıqlar başlanacaq. Büdcə də bəlli olmalıdır. Builki əməkhaqqı ilə heç bir futbolçu yeni müqavilə imzalamaz. Sponsor, maliyyə məsələləri həll olunandan sonra bu barədə danışmaq olar”.
Əhmədov klubda maliyyə problemi yaşandığını və iki aydır maaş ödənilmədiyini deyib: “2 ayın maaşını almamışıq. Gözləntimiz var. İdarə heyətinin rəhbəri futbolçularla danışır. Bu həftəyə məsələ öz həllini tapmalıdır. Bir dəfə futbolçular məşqə çıxmaqdan imtina etmişdi. Bunu yoluna qoyduq. Bizim işimiz insanlara sevinc bəxş etməkdir. Uşaqlara deyirəm ki, oynayarkən evdə sizi həyəcanla izləyən yaxınlarınızı fikirləşin. Onların sevinci milyona dəyər. Gecikmə ola bilər. Bizdə əsas heyətdə oynayanlar yüz faiz mükafat alır. Ehtiyatdan girənlər 75 faiz, oynamayanlar isə 50 faiz. Futbol kollektiv oyundur”.
Bir müddət əvvəl mövsümün sonunda komandanı tərk edəcəyini bildirən Tərlan Əhmədov artıq fikrini dəyişib O, əlavə edib ki, komanda hətta elitanı tərk etsə belə, heç yerə getməyəcək: “AZAL-da olarkən 1,8 milyonluq büdcəni 155 minə endirdilər. Ancaq komandanı tərk etmdim. Bu gün də eyni cür davranaram”.
Tərlan Əhmədov Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya (1:4) və İsveçlə (0:5) oyunlarını da dəyərləndirib: “Üzücü məsələdir. Bizim zamanımızda şərait belə deyildi. 50 dollar maaş alırdıq. Bizim təlim-məşq toplanışımz olmurdu. Amma bu gün şərait fərqlidir. Məni üzən başqa məsələdir. Əcnəbi fubolçuların milliləşdirilməsi məni çox məyus edir. Akademiyalarımıza diqqət göstərməliyik. Mənim illər əvvəl dediyim fikirləri indi digər məşqçilər deyirlər. Akademiyalara kənardan kurator gətirmək lazım deyil. Həmin kuratorlara milyonlar xərclənir. O pulun yarısına başqa ölkələrlə əməkdaşlıq etmək olardı. Heç bir klubda savadlı məşqçilər yoxdur. Bu gün nə “Neftçi”də, nə “Qarabağ”da milli səviyyəsində oyunçu yetişir. Millimiz legionerlərlə oyuna çıxıb məğlub olur. Elə onların əvəzinə öz gənclərimizə şans vermək yaxşıdır. Minimum 8 illik proqramla futbolumuzu inkişaf etdirə bilərik. Nazirliklə AFFA-nın əməkdaşlığı olmalıdır. Son 5 görüşdə qalib gəldikdə hamımız sevinmişdik. Amma o yığmalarla indiki rəqiblərimizin səviyyəsi eyni deyil. Məşqçilər bunu fikirləşməliydilər. İki oyunda 9 top buraxmaq hamımız üçün üzücüdür”.
Təcrübəli mütəxəssis Fərid Nəbiyevin milliyə çağırılmamasına məyus olduğunu etiraf edib: “Fəridin dəvət olunacağını gözləyirdim. O, “Kəpəz”in lider futbolçularından biridir. Bizdən aşağıda olan klublardan futbolçulara dəvət göndərilirsə, Fərid də çağırılmalı idi. O özü də üzüntü yaşadı. Zədəli futbolçuları milliyə çağırıb ehtiyatda saxlamaqdansa, Fərid kimi uşaqları dəvət etmək daha yaxşıdır”.
52 yaşlı məşqçinin sözlərinə görə, millinin uğuru üçün ilk növbədə “Neftçi” əvvəlki günlərinə qayıtmalıdır: “İllər əvvəl demişdim ki, klublar yüksək səviyyəyə qalxandan sonra milliyə əcnəbi məşqçi gətirmək olar. Öncə klubların səviyyəsini qaldırmalıyıq. Həmişə demişəm, “Neftçi” əvvəlki səviyyəsinə qayıdıb söz sahibi olmadıqca millidən danışmaq mənasızdır”.
BƏHRUZ MUSAYEV, GƏNCƏ