“Azərbaycan və Estoniya ilə oyundan razı qaldım, çünki hər iki komandanı məğlub etdik” – bunu Avstriya yığmasının futbolçusu Florian Kaynts AVRO-2024-ün seçmə mərhələsinin ilk iki oyunu barədə danışarkən deyib.
Azərbayanı 4:1, Estoniyanı isə 2:1 hesabı ilə məğlub etdiklərini xatırladan 31 yaşlı yarımmüdafiəçi seçmə mərhələyə zəif rəqiblərlə qarşılaşaraq başladıqlarını söyləyib: “Zəif sayılan rəqiblərə evdə qalib gəlmək çox vacib idi. Çünki iyunda İsveç və Belçika ilə qarşılaşacağıq. Bu baxımdan seçmə mərhələyə iki qələbə ilə başlamaq yaxşı oldu”.
Kaynts Belçika millisini F qrupunun favoriti adlandırıb. O, ilk iki yer uğrunda mübarizədə Azərbaycan və Estoniyanı özlərinə rəqib qismində görmür: “Belçika qrupda aşkar favoritdir. Onların nə qədər güclü olduğunu Almaniya ilə oyunda gördünüz. Amma gizlənməyə ehtiyac yoxdur. İsveç də çox yaxşı komandadır. Onları bizimlə bərabər gücdə hesab edirəm. Avropa çempionatına vəsiqə qazanmaq üçün kifayət qədər keyfiyyətimiz var”.
Qeyd edək ki, Avstriya yığması növbəti oyununu iyunun 17-də səfərdə Belçikaya qarşı keçirəcək. Millimiz həmin gün “Dalğa Arena”da Estoniyanı qəbul edəcək.