“Yaxşı qol imkanlarımız oldu. Hücumu dəqiq bitirmə məsələsində daha konsentrasiyalı olmalı və daha çox qollar vurmalıyıq. Çünki epizodları dəyərləndirmədikdən sonra rəqibdən belə qollar gələ və görüş belə yekunlaşmış olur”.
Futbolinfo.az saytı xəbər verir ki, bu sözlər “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfa məxsusdur.
Rumıniyalı mütəxəssis Premyer Liqanın XXVIII turunda “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb: “Komandamın pis oynadığını düşünmürəm. Fasilə dönəmində millinin oyunçuları bizimlə deyildilər. Eyni zamanda, iki mərkəz yarımmüdafiəçimiz Eddi İsrafilov və Ataa Caber də komandadan ayrıdırlar. Bizi qarşıda çətin oyunlar gözləyir. Bizim üçün çox vacib matçlar olacaq. Bütün oyunçuları bərpa etməyə çalışmalıyıq. Fikrimcə, komandamız yaxşı futbol oynayır”.
O, zədəli Eddi İsrafilovun mövsümün sonunda əməliyyat olunacağını söyləyib: “İnanıram ki, Eddi mövsümün son oyunlarında, həmçinin kubok görüşlərində bizimlə birgə olacaq. Mövsümün sonunda kiçik əməliyyat keçirə bilər. Fiziki hazırlıq üzrə məşqçi ilə çalışmalara başlayıb. Tezliklə komandaya qayıdacağına ümid edirəm”.
Millinin məşqçisi Arif Əsədov yığma üzvlərinin klublarda fiziki cəhətdən hazırlıqlı olmamalarından şikayətlənmişdi. Regekampf yığmanın probleminin fiziki hazırlıq olmadığını düşünür: “Oyunçularımız yaxşı formadadırlar. Millinin heyətində “Neftçi” və “Qarabağ” və 1-2 nəfər də “Sabah”dan futbolçular var. Bu məsafədən məşqçi ilə heç bir dialoq aparmaq istəmirəm. Düşünmürəm ki, millinin problemi budur. Əminliklə deyə bilərəm ki, adlarını qeyd etdiyim klublardan milliyə gedən futbolçuların hər biri hazır formadadırlar. Məşqçilər onları yığmaya hazırlıqlı göndərirlər”.
FƏRİD