Canni De Byazi milli komandamızın baş məşqçi postunda işini davam etdirəcək. AFFA rəhbərliyi ciddi narazılıqlara baxmayaraq, onu postunda saxlamağa qərar verib.
Futbolinfo.az xəbər verir ki, AFFA-da italiyalı məşqçiyə münasibət birmənalı deyil. Böyük əksəriyyət onun yığmada qalmasının faydasız olduğunu anlayıb. Avro-24-ün seçmə mərhələsinə uğursuz start da bunu isbatladı. Lakin onun məhz indi qovulması məqsədəuyğun sayılmayıb.
De Byazinin müqaviləsi tsiklin sonunda başa çatacaq. Anlaşmanı qarşılıqlı razılıqla pozmayan mütəxəssisin indi qovulması ona kompensasiya ödənilməsinə səbəb olacaq. Üstəlik, qısa müddətdə yeni baş məşqçi tapmaq da asan deyil və italiyalının xələfinin qeyri-adi bir iş görəcəyi mümkünsüzdür. Bu səbəbdən De Byazinin ən azı yaydakı oyunlaradək postunda saxlanılması lazım bilinib.
Milli komandaya yeni baş məşqçi təyinatı həm də AFFA-dakı mümkün rəhbər dəyişikliyindən sonra reallaşmalıdır. İtaliyalının müvəqqəti olaraq saxlanılması həm də bununla bağlıdır. Yeni baş məşqçi yeni rəhbərliklə eyni vaxtda gələcək.
Xatırladaq ki, millimiz cari seçmə mərhələyə iki böyükhesablı məğlubiyyətlə başlayıb – Avstriya 1:4, İsveç 0:5. İyunda Estoniya, sentyabrda Belçika yığmaları ilə evdə qarşılaşacağıq.