Formula 1 üzrə dünya çempionatının 3-cü mərhələsi Avstraliyada baş tutdu. Həftəsonu keçirilən qran-priyə fantastik maraq olub. 3 gün ərzində yarışları 444 min azarkeş canlı olaraq tribunalardan izləyib. Bu isə Formula 1 tarixinin ən böyük göstəricilərindəndir.

Pul verib yarışı izləyənlər bütün dünyada olan azarkeşlər kimi məyus olmadılar. Şənbə günü təsnifat mərhələsi maraqlı alındı. Çempionata bərbad şəkildə problemlərlə başlayan “Mercedes” 2 mərhələ ərzində nə qədər irəlilədiyini nümayiş etdirdi. Nəticədə komandanın hər iki pilotu yüksək nəticə göstərdi. Corc Rassel 2-ci , Lüis Həmilton isə 3-cü oldu.

Onlar kimi problemləri olan “Ferrari” isə hələ də danışmaqla kifayətlənir. Təsnifatda italyan komandanın sürücüləri 5 və 7-ci oldular. Yarış başlayan kimi Şarl Leklerin səhvi “Ferrari”nin dərdlərinin üzərinə birini də gəldi. Lens Strolla toqquşmada günahkar məhz elə monakolu sürücü idi. Təsnifatlarda yaxşı çıxış edən Şarl hələ ki, yarışlar zamanı istedadını nümayiş etdirə bilmir. Budəfəki uşaq səhvi onun reytinqinə ciddi xələl gətirə bilər. Xüsusilə də Karlos Saynsın uğurlu çıxışının fonunda bu, bir qədər də nəzərə çarpır.

337779312 190642087054441 3318532744973813164 n - Futbolinfo.az

Yarışın əsas diqqətçəkən məqamlarından biri Serxio Peresin son yerdən başlayaraq nə qədər irəliləyə biləcəyi sualı idi. Çempiontda komanda yoldaşından 1 xal geri qalan meksikalı yarana biləcək fərqi minimuma endirməliydi. Yarışın əvvəlində baş verən hadisə ona müəyyən qədər yardım da etdi. Leklerin qəzası və təhlükəsizlik maşınının trasa çıxması Peresin bir qədər irəliləməsinə şərait yaratdı. Lakin meksikalı sürücünün tempi o qədər də yüksək deyildi. Ötən yarış 15-ci pillədən start verən Ferstappen daha intensiv ötmələr reallaşdırırdı. Peres isə qarşısında olan daha aşağı sürətə malik maşınlara çətinliklə yaxınlaşırdı. “Maklaren” sürücüsü Lando Norrislə fərqin yavaş-yavaş azalması bunu xüsusilə də qabartdı.

Təsnifatda çox uğurla çıxış edən digər bir sürücü Aleksandr Elbon idi. Lakin onun üçün də yarışın əvvəli uğursuz oldu. Heç kimlə təmas etməsə də, Elbon öz səhvindən divara çırpıldı. Nəticədə yarış dayandırıldı. Elbonun səhvinə qədər liderliyini itirən Ferstappen üçün bu dəfə gözəl şans yarandı. Burada maraqlı məqam qırmızı bayraq rejiminin elan edilməsinə qədər Rassellə Saynsın pit-stopu idi. Hər ikisi tələsdiklərinə görə yer itirdilər.

Restartdan sonra Corc Rasselin başına daha bir iş gəldi. Bu dəfə maşında problem yaşandı və britaniyalı sürücü yarışı dayandırmalı oldu. Sıralamada və startda gözəl yarışan Rassel üçün Avstraliya qran-prisi bu cür uğursuzluqla başa çatdı. Əksinə , bundan komanda yoldaşı yararlandı. Həmilton Ferstappenlə liderlik mübarizəsi apara bilməsə də, 2-ci yeri sabit şəkildə qoruya bildi.

Yarışın sonlarına yaxın hər şeyin aydınlaşdığı görünürdü. Lakin Maqnussenin divara çırpılması nəticəsində təkəri çıxaraq trasda qaldı və yenə də qırmızı bayraq rejimi elan edildi. Pilotlar arasında yarış ərzində yaranan fərqi heçə endi və yenidən start verilməsi üçün qərar qəbul edildi. Bu da hamı üçün bir şans idi. Həm Həmilton, həm Alonso, həm də axırdakılar həmlə ilə ön sıralara yüksələ bilərdilər.

Yenidən start isə günün ən böyük qəzası ilə nəticələndi. Ən maraqlısı isə pilotların toqquşma məsələsi idi. İspan sürücü Sayns həmyerlisi Alonsonu vuraraq kənara çıxartdı. “Alpine”dən olan iki fransız da bir-birini kənarda qoydular. Nəticədə nə Okon, nə də Qaslı xal qazana bilmədi. Fürsətlərdən Lens Stroll istifadə etməliydi. Çünki bu qəzalar nəticəsində o, 3-cü pilləyə yüksəlmişdi. Lakin o da dünən Peresin girə bilmədiyi döngədə idarəetməni itirdi və gerilədi.

338731638 253909543729476 6841668354707694871 n - Futbolinfo.az

Qəzaların baş verməsi yenidən qırmızı bayraqların yellənməsi demək idi. Bu isə qaydalara görə mövqelərin yenidən bərpası demək idi. Stüardlar bir qədər də araşdırdıqdan sonra Karlos Saynsın günahkar olduğunu elan etdilər. İspaniyalı sürücüyə 5 saniyəlik cərimə verildi. Bu isə onun geriləməsi demək idi. Nəticədə Karlos xal da qazana bilmədi. Beləliklə, “Ferrari” üçün daha bir faciəvi mərhələ oldu.

Melburndakı yarışa nəzər yetirdikdə İtaliya komandasının yarış tempinin bir qədər yaxşılaşdığını görə bilərik. Şənbə günü keçirilən mətbuat konfransında onlar özləri də bunu bildirmişdilər. Lakin Leklerin səhvi , Saynsın da cəriməsi komandasını xalsız qoydu. Ötən iki yarışla müqayisədə “Mercedes”in xeyli irəlilədiyini görmək mümkündür. Komanda həm sıralamada , həm də yarışda yaxşı görünür. “Aston Martin”də irəliləyiş hiss edilmir. “Mercedes”in sürətlənməsi onların işini çətin edəcək. “Red Bull” isə ayrı liqada yarışır. Bunu Ferstappenə baxdıqda görmək mümkündür. Son 2 ilin çempionu Həmiltonu elə rahat keçdi ki, rəqiblərin şansının olmadığı göründü. Arxadakılara baxdıqda “Maklaren”in uğurunu qeyd edə bilərik. Komanda hər iki pilotu ilə xal qazandı. Amma maşının problemləri aradan qaldırmasını söyləmək yersizdir.

337780646 1319385935278177 8747089345413284851 n - Futbolinfo.az

3 mərhələdən sonra Maks Ferstappen liderliyini davam etdirir. Niderlandlı sürücünün 69 xalı var. Serxio Peres ondan 16 xal geri qalır. Hər 3 yarışda podiuma çıxan Fernando Alonsonun aktivində isə 45 xalı var.

Gələn mərhələnin ünvanı Bakıdır. Ovaxta qədər 4 həftə var. Bu qədər fasilənin olmasının səbəbi Çin qran-prisinin ləğv edilməsidir.

SİYAVUŞ ƏLİYEV

Shares: