“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 28-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Son oyunlarımız çətin keçir. Çünki, aşağı pillələrdə gərginlik var. Rəqiblərin adlarından asılı olmayaraq, hər matçda xal qazanmağa çalışacağıq. “Qarabağ”la oyunun ağır kecəcəyi bəlli idi. Buna baxmayaraq, futbolçularımız verilən tapşırıqları layiqincə yerinə yetirdilər. Ani diqqətsizlikdən məğlub olduq. Amma əl-qolumuzu sallayası deyilik. Məşqlərdə əzmkarlıq göstərib, növbəti matçlarda qələbə qazanacağıq. Futbolçularımız təcrübəsiz olsalar da, əzmkardırlar. Əzmkarlıqla bunu aradan qaldırmağa çalışacağıq. Cox işləməliyik. Sonuncu dövrədə məşqlərin tempi aşağı düşməlidir. Futbolçular robot deyil, insandır. Gündə iki məşqimiz olur. Həftədə cəmi bir gün istirahət edirik. Amma buna baxmayaraq, daha çox məşq edib problemi aradan qaldırmalıyıq. Bizim sistemdə Əli Səmədovun mövqeyində oynayan futbolçular 13-14 kilometr qaçmalıdır. Çalışırıq orada tez-tez rotasiyalar edək ki, bir futbolçuya çox yük düşməsin. Hazırda Cəlal Hüseynov bizə mərkəz müdafiəçisi mövqeyində daha çox lazımdır. İstəyirik ki, sol tərəfdə oynayan stoper sol ayaqlı olsun, sağ tərəfdə isə sağ ayaqlı. Mərkəzdə oynayanın isə hər iki ayağı işlək olmalı və özü də təcrübəli olmalıdır. Cəlalın yaşı az olsa da, oyun baxımından ən təcrübəlisi odur”.

Shares: