“Turan Tovuz” heyətini daha bir legionerlə gücləndirir. Qərb təmsilçisi qanalı Divin Naahı Azərbaycana gətirib.

Futbolinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə olunub və o, müqavilə bağlamaq üçün gəlib. Cari mövsümün sonunadək Tovuz klubunda oynayacaq futbolçu ümidləri doğrultsa, onunla daha bir illik müqavilə imzalanacaq. Anlaşma da 2 ay + 1 il şərti ilə bağlanacaq.

Naah “Turan Tovuz”un son yarım ay ərzində 2-ci yeni transferidir. Qərblilər heyəti daha da gücləndirmək üçün klubsuz olan futbolçuların axtarışını davam etdirir. Ötən ay Panama millisinin müdafiəçisi Roderik Millerlə də 3 ay + 1 illik müqavilə bağlanıb.

Xeyli vaxtdır futbol oynamayan Miller daha öncə gəlsə də, Divinin ondan öncə debüt etməsi mümkündür. Çünki qanalı futbolçu hazırlıqlı gəlib. “Zirə”dən gedib-qayıdan Nemanya Andelkoviç kimi Naah da qış hazırlığı keçib. O, Rusiya “Kuban”ı ilə təlim-məşq toplanışında olub, klubun son anda dağılması ilə işsiz qalıb.

“Turan Tovuz” xəbəri təsdiqləmir, amma yəqin ki, transferi tezliklə elan edəcək. Çünki Millerlə bağlı da eyni cür davranmış, lakin sonradan transferi açıqlamışdılar.

Qərblilərin bu iki transferdə məqsədi həm yeni mövsüm üçün heyəti indidən komplektləşdirmək, həm də mümkün olarsa, cari mövsümdə ölkə kubokunda irəliləməkdir. Yarımfinalda rəqib olan “Neftçi” ilə matçlaradək bu futbolçular formaya düşsə, tovuzluların daha rəqabətli heyəti olacaq.

Naah “Kuban”a gedənədək iki il Litva “Jalgiris”ində çıxış edib. Daha öncə Malta, İsrail, Belçika, İsveç, Danimarka, Niderland, Norveç klublarında da çıxış etmiş futbolçunun iş yerini tez-tez dəyişməsi onun haqda yüksək fikir səsləndirməyə mane olur.

“Mançester Siti”nin 2014-cü ildə Qanadan seçib götürdüyü, U-21 və U-23 komandalarında oynatdığı dayaq yarımmüdafiəçisi, İngiltərə klubu tərəfindən bir neçə dəfə icarəyə verilsə də, o, əsas komandaya düşməyi bacarmayıb, icarələrdə olduğu klublarda da uzun müddət qalmayıb.

CITY NAAH - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp