56 – bu, Misli Premyer Liqasında liderlə autsayder arasında xal fərqidir. “Qarabağ” hələ də məğlub olmadığı çempionatda 28 tur ərzində belə böyük fərq yarada bilib.

Ağdamlılar son 8 tura əsas izləyicisi “Sabah”dan 9, əzəli rəqibi “Neftçi”dən 17 xal öndə girir. “Ağ-qaralar”ın 2-ci pillədən 8 xal geridə, ən yaxın rəqibindən 19 xal öndə olduğunu nəzərə alsaq, komandanın mövsümü bürünc medalla başa vuracağını deyə bilərik. Təbii ki, riyazi cəhətdən bu 3 komandanın hamısının çempionluq şansı var, lakin reallıq “Qarabağ”ın titulunu qoruyacağını deyir.

“Qarabağ” Şamaxı səfərindən də 3 xalla qayıtmaqla heç kimə güzəşt etməyəcəyini göstərdi. Futbolçuların hətta fasilə dönəmində də dincəlməməsinə – bəzi oyunçuların millinin düşərgəsinə getməsinə, qalanların “Qalatasaray”la qarşılaşmasına baxmayaraq, komanda vacib qələbəni qopara bildi. Hər dəfə yığmanın oyunlarından sonra problemlər yaşayan “atlılar” bu dəfə də çətinlik çəkdi, lakin iş xal itkisinə kimi böyümədi.

“Sabah” “Qəbələ” ilə matçda tarixinin ən yaxşı nəticəsini rəsmiləşdirdi. Növbəti matçların nəticəsindən asılı olmayaraq, Masazır təmsilçisi avrokuboklara vəsiqəni təmin edib. Bu arzu növbəti turlara kimi yubana bilərdi, lakin “Qəbələ”nin qapıçısı Səlahət Ağayevin səhvlərini bağışlamayan bakılılar 3 xalı son anda reallaşdırdı. Trillerə çevrilən matçı ən çox arzulayan qazandı.

“Zirə” – “Neftçi” oyunu da maraqlı alındı. Meydan sahibləri qələbəyə daha layiq olsa da, bir xalla kifayətləndi. Belədə bir-birini büdrədən komandalardan qonaqlar gümüş medaldan uzaqlaşdısa,”qartallar” 4-cü pillədə möhkəmlənmək şansını əldən verdi. Düzdü, “Qəbələ”nin məğlubiyyəti işə yaradı, lakin mübarizənin sonadək davam edəcəyi aydındır.

“Turan Tovuz” “Sumqayıt”a evdə uduzmaqla 5-ci pilləyə olan ümidlərini boşa verdi, əvəzində “Səbail” üzərində layiqli qələbə qazanan “Kəpəz” xeyli yaxınlaşdı. Hətta “Sumqayıt” da aradakı xal fərqini azaldıb. Hazırda ən çətin durumda olan “Şamaxı” ilə “Səbail”dir. Bu komandalar elitada qalmaq üçün bundan sonrakı bütün matçlara final gözü ilə baxmalıdır.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp