“Qarabağ” fərqi bir qədər də artırdı. “Sabah”ın sürpriz məğlubiyyəti ağdamlıların əsas izləyicisindən 12 xallıq uzaqlıqda dayanmasına imkan yaratdı.  Hələ də məğlubiyyət görməyən Qurban Qurbanovun yetirmələrinin çempionluğu erkən bayram edəcəyi şübhə doğrumur.

“Kəpəz”lə oyunda gözlənilən qələbə bir az çətin alınsa da, layiqli idi. Gəncəlilərin 3 oyunluq uğurlu seriyasının bitməsi daha çox aşağı pillələrdəki mübarizəyə təsir edəcək. “Kəpəz” rahat mövqedədir, amma hələ işi başa vurmayıblar. Tərlan Əhmədovun yetirmələri dünən “Qarabağ”la matçdan çox növbəti turda “Turan Tovuz”la görüşü düşünür. Qərb derbisi daha taleyüklü matç olacaq.

“Sabah” avrokuboklara vəsiqəni təmin etsə də, gümüş medal qazanmaq şansını saxlayır. Lakin kubokda uduzduqları “Səbail” yenə onlara problem yaratdı. Murad Musayevin yetirmələri azlıqda qalmasına rəğmən, cavab qolunu vursa da, son dəqiqələrdəki diqqətsizlik həlledici oldu. Bu matçda meydan sahiblərinin əzmkarlığı da qeyd olunmalıdır. Görünür, həftəiçi klub rəhbərliyinin “qulaqburma”sı futbolçuların ayılmasına səbəb olub.

Əsas rəqibinin büdrəməsindən faydalanan “Neftçi” xal fərqini azalda bildi. Bakılılar “Sumqayıt”la oyunda parlaq qələbə qazansa da, insaf naminə, meydan sahibləri belə darmadağına layiq deyildi. Sadəcə, qonaqların usta futbolçular demək olar, bütün təhlükəli vəziyyətləri qola çevirdi. İstənilən halda 4:0 azı Konfrans Liqasına vəsiqəni təmin etmək üçün yetərli oldu.

Turun daha diqqətçəkən matçı Tovuzda oynanıldı. Meydan sahibləri qələbə qazansaydı, Premyer Liqadakı yerini təmin edəcəkdi. “Şamaxı” isə faktiki son ümidlərini qovur. Bərabərlik “Turan Tovuz”un 6 oyunluq qələbə seriyasının davam etməsi demək olsa da, bu xal əsas rəqiblərdən biri ilə aradakı fərqi qorumağa kömək etdi. Ayxan Abbasovun yetirmələri hələ də 6-cı pillədədir, üstəlik, növbəti tur qarşılaşacağı “Kəpəz”dən 4 xal öndədir. Deməli, komanda kubokun yarımfinal matçlarına ən azı indiki mövqeyində yollanacaq.

Bu üzdən oyunun sonlarında azarkeşlərin Abbasovu istefaya səsləməsi əsas gözlənilməzlik oldu. “Turan Tovuz” imkanlarına, oyunçu ehtiyatına görə əksər komandalardan geri qalsa da, qazandığı xallar daha yaxşıdır. Yerli azarkeşlər isə görünür, daha çox şey istəyir. Bəlkə də bu təzyiqin nəticəsidir ki, “Turan Tovuz” səfərdə evdəkindən daha çox xal toplayıb. Futbolçular Tovuzda stress altında oynayır və bu, nəticələrdə özünü göstərir. İstefa şüarları hər nə qədər sürpriz görünsə də, futbolçuların ayılması lazımdır. İndiki vəziyyətdə uduzmamaq da ümumi işin xeyrinədir, lakin “Şamaxı” ilə matçda qələbə qazanıb rahatlaşmaq gərək idi.

“Səbail”in qələbəsi, “Şamaxı”nın heç-heçəsi turnir cədvəlinin son 4 pilləsində qərarlaşan komandaları yenə gərgin vəziyyətə saldı. Hazırda 7-10-cu yerlərin arasında cəmi 4 xal fərqi var. Bu səbəbdən mövsümün yekununda mübarizə daha gərgin keçəcək. “Şamaxı” növbəti iki turda “Sumqayıt” və “Kəpəz”i qəbul edəcək və həmin matçlar bölgə təmsilçisi üçün həyati əhəmiyyət daşıyır. Daha sonra baş tutacaq “Kəpəz” – “Sumqayıt” matçı da ölüm-dirim savaşı olacaq.

Kəsəsi, Premyer Liqanın son turlarında elitada qalmaq yarışı daha maraqlı olacaq. Üst pillələlərdə yalnız gümüş və bürünc medalın sahibi tam dəqiqləşməyibsə, autsayderlər qrupunda hər xal uğrunda barışmaz rəqabət olacaq. Eyni xallı “Şamaxı” ilə “Səbail” daha çətin durumdadır. Lakin onların təqvimi “Sumqayıt”la müqayisədə rahat görünür. Bəlkə də hər şeyi bu komandaların şəxsi duelləri həll edəcək.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp