Avropanın bütün ölkələrində güclülər dəstəsi ilə ondan sonrakı dəstə arasında ciddi fərq var. Ən başlıca fərq isə çətinlikdir. Gücünə görə 2-ci dəstə bataqlıqdır. Bu səbəbdən də komandalar ora düşməkdən qorxurlar. Bir çox komanda isə bu bataqlıqdan nəinki qurtula bilər, hətta daha da dərinə batır.

İngiltərədə bu , daha da çətindir. Çempionşipdən qurtulub İPL-ə yüksəlmək asan məsələ deyil. Həm komandaların sayı çoxdur, həm də liqa konservativliyini qoruyub. Premyer Liqa son illərdə əcnəbi məşqçilərin sayəsində daha modern futbola keçib. Çempionşipdə isə hələ də 20-30 il əvvəlin futbolunu görmək mümkündür. Fiziki güc, sürət və cinah ötürmələri – İngiltərə futboluna xas xüsusiyyətləri görmək istəyənlər Çempionşipə baxsınlar.

Təsəvvür edin ki, belə bir çətin liqada əcnəbi mütəxəssis baş çıxarır. Söhbət Vensan Kompanidən gedir. Doğrudur , onu əcnəbi saymaq da düzgün deyil. Uzun illər “Mançester Siti”də oynayan belçikalı İngiltərə futbolu və mühitini əla bilir. Amma istənilən halda, fərqli təfəkkürə malik bir insanın bu liqada məşqçilik etməsi çətindir.

Ötən həftə “Bernli” vaxtından əvvəl Premyer Liqaya vəsiqə əldə etdi. Son illərdə bu qədər erkən vəsiqə qazanan komanda tapmaq müşkül məsələdir. Özü də vəsiqə əsas rəqiblə oyunda əldə edildi. Kompaninin komandası səfərdə “Midlsboro”nu məğlubiyyətə uğradaraq hər şeyi rəsmiləşdirdi. Belçikalı mütəxəssis isə arzusuna çatdı. Çünki “Anderlext”də işlədiyi zamanlarda ən böyük arzusunun Premyer Liqada çalışmaq olduğunu bir neçə dəfə dilinə gətirmişdi. Obyektiv yanaşsaq, “Anderlext” kimi tarixi olan bir komandada Kompani heç də pis çalışmadı. Əlində olan kasad heyətlə ölkə kubokunun finalına yüksəldi. Bu işi ilə diqqət mərkəzinə düşdü.

Ötən mövsüm “Bernli” ağır durumda olarkən Kompani variantlardan biri idi. Premyer Liqanı tərk etdiyinə görə Şon Dayç istefaya göndərilmişdi. Baş məşqçi postu boş, klubun 72 milyon avro borcu var idi. Futbolçuların əksəriyyəti Çempionşipdə oynamaq istəmirdi. Əksəriyyəti də komandanı tərk edərək digər klublara keçdi. Belə olan vəziyyətdə rəhbərlik risk edərək Kompaniyə etimad göstərdi. Çünki 37 yaşlı mütəxəssis rəhbərlikdən elə də çox şey istəmirdi, imkanların geniş olmadığını anlayırdı. Oradan-buradan futbolçular toplanıldı, gedən futbolçuların yeri dolduruldu, Premyer Liqa klublarına lazım olmayan futbolçulardan heyət quruldu. Bir neçəsini də Kompani özüylə Belçikadan gətirdi.

105374629 gettyimages 907262686 - Futbolinfo.az

İlk gündən Vensan komandada nizam-intizamı normaya saldı. İlk qadağalarından biri də ad günlərində tort alıb bayram etmək adətini ləğv etdi. Nə meydanda, nə trenajor, nə də nəzəriyyə zalında kənar iş olmaz. Yalnız çalışmaq, çalışmaq və bir də çalışmaq. Əlində olan futbolçulardan nə cür komanda yaratmaq mümkün ola biləcəyini yoxlamağa başladı. İlk turlar eksperimentlərə sərf edildi. Hansı düzülüşlə oynayacaqları müəyyənləşdi. Nəticədə Çempionşipə xas olmayan bir oyun ortaya çıxdı. Komanda topa nəzarət edir, ötürmələrə üstünlük verir, xaotik hücumlar qurmur. Bir sözlə, “Mançester Siti”nin başqa bir variantı. Çempionşip üçün bu, qeyri-adi üslubdur. “Bernli” xallar qazanmağa başladı. Uğurlu nəticələrə görə Kompani oktyabr, dekabr, yanvar və fevralda ayın məşqçisi seçildi. Martda da ən yaxşı seçiləcəyi heç kimdə şübhə doğurmur. Bu gedişlə mövsümün məşqçisi də bəllidir. Bu onun işinə verilən qiymətdir.

İndi qarşıda daha çətin iş var – arzusunda olduğu Premyer Liqada ləyaqətli bir komanda olmaq. Azarkeşlər üçün isə əlavə bir maraq yaranıb. Liqada Xosep Qvardiolanın şagirdləri artıb. Növbəti mövsümdə müəllim – şagird qarşıdurması maraqla gözlənən hadisələrdən biri olacaq. Bundan başqa , neçə illərdir məşqçi tapmadığına görə əcnəbi mütəxəssislərə həvalə edilən milli üçün də variant yaranıb. Klub səviyyəsində uğurlardan sonra Vensan gec-tez Belçika millisini də çalışdırmağı arzulayacaq.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp