Serjio Konseysao “İnter”in yeni baş məşqçisi ola bilər. Milan klubu keçmiş oyunçusunu bu dəfə başqa rolda geri qaytarmaq istəyir.

Futbolinfo.az xəbər verir ki, İtaliya klubu Simone İnzaqi ilə yolları ayırmağı düşünür. Komandanın uğursuz çıxışı rəhbərliyin yayda onu yola salmağı planlaşdırmasına səbəb olub. Xələfin seçilməsi ilə bağlı namizədlər siyahısına isə portuqaliyalı başçılıq edir (La Gazzetta dello Sport).

Hazırda “Portu”ya uğurlu şəkildə rəhbərlik edən Konseysaonun bu təyinatdakı rəqibləri “Bolonya”nın baş məşqçisi Tyaqo Motta və “Brayton”u çalşdıran Roberto De Zerbidir. Mövsümün sonunda bütün suallara aydınlıq gələcək.

“İnter”in mövsümü necə başa vurması da qərara təsir edəcək. Çempionlar Liqasında yoluna davam edən milanlılar, hələ A Seriyasında ilk “4-lüy”ə düşmək şanslarını da saxlayır. 2021-ci ilin yayından “İnter”ə rəhbərlik edən İnzaqinin hələ daha bir mövsümlük müqaviləsi var. Onu erkən yola salmaq kompensasiya ödənilməsinə səbəb olacaq, üstəlik, Konseysaoya görə də “Portu”ya ödəniş etmək lazımdır. Çünki 6 ildir hazırkı postunda olan 48 yaşlı mütəxəssisin də Portuqaliya klubu ilə müqaviləsi davam edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp