“Zirə”nin haitili futbolçusu Donald Geryenin ölkəmizdən getmək hüququ məhdudlaşdırılıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi oyunçu ilə bağlı məhkəməyə müraciət edib.

İş Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Geryenin vergi borcu var və onun Azərbaycandan getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunub. İşə xüsusi icraat qaydasında baxılacaq.

34 yaşlı futbolçu özü bu barədə danışmır. Yalnız onu deyir ki, onun bundan öncə çıxış etdiyi “Qarabağ” və “Neftçi” ilə müqavilələrində verginin klub tərəfindən ödəniləcəyinə dair bənd yer alıb. Ona görə də bütün vergiləri klublar ödəməli idi. Futbolçunun özü ilə bağlı problem yoxdursa, “Zirə”yə yeni gəldiyini nəzərə alsaq, əvvəlki klubların məsələyə aydınlıq gətirməsi lazımdır. Vergini “Qarabağ”, yoxsa “Neftçi” ödəməyib?

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev futbolinfo.az-a açıqlamasında bildirib ki, onların nə Geryeyə, nə də hər hansısa quruma borcları var: “Hər halda futbolçuya və ya ona görə vergi borcumuz olsaydı, bu məsələ çoxdan ortaya çıxardı. Bizim tərəfimizdən belə bir problem yaranmayıb”.

“Qarabağ”ın mətbuat xidmətini rəhbəri Gündüz Abbaszadə də eyni sözləri deyir: “Geryenin müqaviləylə nəzərdə tutulan bütün vergiləri ödənilib. Bunu təsdiq edən bütün sənədlər əlimizdədir”.

Bəs, problem nədir? Bəlkə futbolçunun özünün hansısa vergi borcu yaranıb? Bütün bu sualara Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi və Bakı Kommersiya Məhkəməsi cavab verə bilər. Sözügedən qurumlara müraciət etmişik və cavab gözləyirik.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp