“Hər oyuna qələbə üçün çıxırıq. Son matçlar bizim üçün final oyunu kimidir”. Bunu futbolinfo.az-a açıqlamasında “Şamaxı”nın qapıçısı Rəşad Əzizli deyib.

O, Azərbaycan Premyer Liqasının 29-cu turunda səfərdə “Turan Tovuz”la 1:1 hesablı heç-heçə etdikləri oyundan danışıb: “Bu matçda da zamanla üstünlük qazanırdıq. Amma sonluğu gətirmək problem idi. Düşünürəm ki, Tovuz kimi çətin səfərdən qazanılan 1 xal yaxşı nəticədir”.

Qapıçı təhlükəli zonada olmalarından danışıb: “Son 5 klubun hamısı üçün təhlükə var. Çünki bilmək olmur ki, ardıcıl 1 və ya 2 qələbədən sonra necə olur. İndidən nəsə demək olmaz”.

Əzizli komandanın son zamanlar əvvəlkinə nisbətən daha zəif olması ilə bağlı suala belə cavab verib: “Yəqin siz də razılaşırsız və mütəxəssislər bunu deyir ki, “Şamaxı” öz oyun dəst-xətti olan 3 klubdan biridir. Məşqçinin nə istədiyi bilinir. Bizim qələbələr də təsadüf olmayıb. Biz yenə də öz oyunumuzu oynayıb istənilən rəqiblə sona qədər mübarizə aparacağıq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp