“Neftçi”nin və Azərbaycan millisinin müdafiəçisi Höccət Haqverdi futbolinfo.az saytına müsahibə verib. O, son turda keçmiş komandası “Sumqayıt” üzərində qalibiyyəti şərh edib, eləcə də yığmadakı çıxışını dəyərləndirib.

– Hər oyuna qələbə üçün çıxırıq. “Sumqayıt”la oyunda da qələbə gözləyirdim, amma 4:0 hesabı ilə yox. Xoşbəxtlikdən belə alındı.

– “Sumqayıt” sənin keçmiş komandandır, onların bu cür böyük hesabla uduzmasına üzülmədin?

– Əvvəllər “Sumqayıt”da çıxış etmişəm və orada yaxşı günlərim olub. Amma indi “Neftçi”nin üzvüyəm, istənilən rəqib üzərində qələbəyə sevinirəm.

– Artıq avrokuboklara vəsiqə qazandınız. Səncə, bundan sonra çempionatda motivasiyanız nə olacaq? 2 və ya 3-cü yeri tutmağın ciddi əhəmiyyəti varmı?

– Bilirəm ki, 2 və ya 3-cü yeri tutmağın avrokuboklara getmək baxımından heç bir fərqi yoxdur. Amma bizim üçün mövsümün sonunda mümkün olan ən yaxşı mövqedə qərarlaşmaq vacibdir. Təəssüf ki, “Qarabağ”la aramızda xal fərqi böyükdür. Amma ümid edirəm ki, ikinciliyi qazanacağıq.

– “Neftçi” mövsümü titulla başa vura bilər…

– Bəli, hazırda bizim üçün ən vacib olan kuboku qazanmaqdır və bütün diqqətimiz buna yönəlib.

– Yığmamız AÇ-2024-ün seçmə mərhələsində Avstriyaya 1:4 və İsveçə 0:5 hesabı ilə uduzdu. Bu məğlubiyyətlərin səbəbin nədə görürsən?

– Milli haqqında əvvəlcə onu deyim ki, yaxşı nəticələr olmadı. Amma bilməliyik ki, biz böyük komandalara qarşı oynadıq. Seçmə mərhələdən əvvəl öz səviyyəmizdə olan 5 rəqibə qalib gəlmişdik. Hamı bilir ki, Avstriya və İsveç bizdən güclüdür. Nəticə pis oldu, lakin əlimizdən gələni etdik. Bəzi oyunçularımız da yox idi. Şübhəsiz ki, Bakıdakı oyunlar tamam fərqli olacaq və qalib gəlmək şansımız var. Azarkeşin varlığı böyük komandalara da təsir edir. Bu, futbolun xarakteridir. Ümid edirəm ki, insanlar yaxşı nəticələr üçün bizə dəstək olacaqlar.

– Bu cür əhval-ruhiyyə ilə növbəti oyunlarda qələbəyə ümid edirsən?

– Hələ qarşıda 6 oyun var. Hər şey öz əlimizdədir. Fikrimcə, qələbələr qazanıb yuxarı pillələrə qalxa bilərik.

– Millinin müdafiə xətti tənqid edilirdi. Sən də onların içində idin. Sağ cinah müdafiəçisi kimi oynamağın da ayrıca problem kimi qabardıldı. Ümumiyyətlə, bu tənqidlərə münasibətin necədir?

– Bir oyunçu kimi məşqçinin məsləhət gördüyü yerdə oynamaq kimi borcum var. Mən mərkəz müdafiəçisiyiəm və öz mövqeyimdə oynayanda daha çox şey ortaya qoya bilərəm. Bütün futbol karyeram boyunca müdafiənin mərkəzində çıxış etmişəm. Orada özümü çox rahat hiss edirəm. Amma istənilən halda məqsədim hər zaman komandama kömək etməkdi. Məşqçi məni hansı mövqeyə qoyursa, əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Millidə öz mövqeyimdə oynamamağım çıxışıma təsir edə bilər, amma mən yenə də əlimdən gələni ortaya qoyuram.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp