Ötən gecə MBA-da play-off mərhələsinə start verilib. Birinci oyun Filadelfiyada keçirilib. Meydan sahibləri Bruklin komandasını çətinlik çəkmədən məğlubiyyətə uğradıblar – 121:101.

Müntəzəm çempionatın ən dəyərli oyunçularından Coel Embiid 3-cü periodu daha məhsuldar keçirməklə komandasının qələbəsində pay sahibi olub. Embiid görüşü 26 xalla tamamlayıb. “Filadelfiya”nın heyətində ən yaxşı Ceyms Harden olub. O, 23 xal toplamaqla yanaşı, 13 məhsuldar ötürmə edib. Görüşün taleyi həll edildikdən sonra Dok Rivers əsas oyunçularına istirahət verərək ehtiyatdakıları meydançaya buraxıb. Onlar arasında türkiyəli Furkan Korkmaz da olub.

Eyni ssenarili oyun “TD Qarden” arenasında baş tutub. Cütün favoriti “Boston Seltiks” çətinlik çəkmədən “Atlanta”nı məğlub edib. Meydan sahibləri görüşün taleyini ilk hissədə həll ediblər – 112:99.

“Boston”un heyətində Teytum dabl-dabl edib. Ən məhsuldar isə Ceylen Braun olub – 29 xal+12 ribaund.

Gecənin digər iki qarşılaşması daha maraqlı alınıb. Donovan Mitçellin 38 xalı “Klivlend”i məğlubiyyətdən xilas etməyib. Nyu-yorklular bütün oyun ərzində nəzarəti əllərində saxlayraq seriyaya qələbə ilə başlayıblar (97:101).

Meydan sahiblərinin türkiyəli basketbolcusu Cedi Osman 9 xal toplayıb. Qonaq komandanın ehtiyat oyunçuları isə daha böyük məhsuldarlıq nümayiş etdiriblər. Xüsusilə də Xartsın dabl-dablı “Nyu-York Niks”ə xeyli yardım edib.

Ən gərgin qarşılaşma “Sakramento” ilə “Qolden-Steyt” arasında baş tutub. Meydan sahibləri 126:123 hesabı ilə qalib gəliblər. Sonda qonaqlar məğlubiyyətdən qurtulmağa cəhd göstərsələr də, Körrinin üçxallıq atışı dəqiq olmayıb.

“Sakramento”nun heyətində Foks (38 xal) və ehtiyatdan daxil olan Monk (32 xal) fantastik oyun nümayiş etdiriblər. Sabonis isə dabl-dabl edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp