MBA-da ilk mərhələnin 2-ci oyunlarına start verilib. Açılış yenə də Filadelfiyada baş tutub. Şənbə günü olduğu kimi, bu dəfə də meydan sahibləri qələbə qazanıblar – 96:84. Lakin keçən oyunla müqayisədə bu dəfə “Siksers” rəqibin ciddi müqaviməti ilə üzləşib. İlk oyunda Dok Rivers yetirmələrinə sonda istirahət verə bilmişdisə, bu dəfə elə olmayıb.

Meydan sahiblərinin heyətində Coel Embidin 20 xal və 19 ribaundunu qeyd etmək lazımdır. Ulduz basketbolçunun məhsuldarlığı aşağı düşsə də, bunu ümumi tendensiya ilə əlaqələndirmək olar. Belə ki, play-offda komandalar daha sərt müdafiə olunmağa başlayıb. Embidin özü də fərdi göstəricilərinin vacib olmadığını, əsas qələbə olduğunu bildirib. “Filadelfiya”da bu dəfə ən məhsuldar basketbolçu 33 xal toplayan Maksi olub. Komandanın digər ulduzu Ceyms Harden isə özünü yaxşı göstərə bilməyib. Qonaqların heyətində 28 xal toplayan Consonu qeyd etmək olar. Komandanın lideri Brices üçün də oyun elə uğurlu alınmayıb.

Bu qələbədən sonra “Filadelfiya” seriyada üstünlüyünü iki qələbəyə çatdırıb. Qarşıdakı iki oyun “Bruklin Nets”in meydançasında keçiriləcək.

Şimali Kaliforniya derbisinin ikinci oyununda da Sakramento təmsilçisi qələbə qazanıb – 114:106. Bu dəfə “Kinqs” basketbolçuları ikinci periodda yaratdıqları fərq hesabına qalib gələ biliblər. Digər periodlarda oyun bərabər keçib. Keçən ilin çempionu üçün bu məğlubiyyət acınacaqlı ola bilər. Belə ki, MBA-da 0:2-dən dönmək elə də asan deyil.

Qonaqların lideri Stiv Körri 28 xal toplasa da, eyni zamanda 5 dəfə top itkisi ilə yadda qalıb. Bu da bir oyun üçün yüksək nəticədir. Topladığı bu xallardan sonra Körri MBA tarixində play-offlarda Çemberlen və Beyloru keçərək snayperlərin siyahısında 18-ci pilləyə qalxıb.  Meydan sahiblərinin heyətində Monk və Sabonis eyni nəticə göstəriblər (hərəyə 22 xal+9 ribaund).

Litvalı basketbolçu oyunda xəsarət də alıb. “Vorriors”un basketbolçusu Dreymond Qrin  Domantasın ayağını tapdaladığına görə meydandan qovulub. Sabonisin zədəsinin ciddi olub-olmadığı rentgendən sonra məlum olacaq.

Bu seriyada da növbəti iki oyun “Qolden Steyt Vorriors”un meydançasında keçiriləcək.

Shares: