Güləş milli idman növü və Olimpiya Oyunlarında əsas medal ümidimiz olduğuna görə daim diqqət mərkəzindədir. Ölkədə idmana qayğının dərəcəsindən asılı olmayaraq, güləşçilərimiz daim uğurları ilə bizi sevindirə biliblər. Lakin müasir dünyada təkcə entuziazm və mental dəyərlərlə nəyəsə nail olmaq çətin məsələdir. Bu səbəbdən də heç bir zaman arxayınlaşmamalı və daim çalışmaq mütləqdir.
Zaqrebdə güləş üzrə növbəti Avropa çempionatı başa çatdı. Budəfəki yarış haqda danışarkən ilk növbədə Rusiya idmançılarının olmamasını qeyd etmək lazımdır. Ukrayna ilə müharibəyə görə beynəlxalq yarışlardan kənarda qalan rus pəhləvanlar keçənilki qitə birinciliyində də yox idilər. Onların yoxluğu isə digərləri üçün şansdır. Hətta qısa idmançı karyerası ərzində bu, ələ düşə biləcək nadir şanslardandır.
Rusiyalı güləşçilərin hansı gücə malik olduğunu söyləmək artıqdır. Lakin yenə də bunu dərk etmək üçün kiçik bir statistikaya baxmaq yerinə düşər. Onların iştirak etdikləri son Avropa çempionatlarında qazandıqları medalların sayı orta hesabla 20-ni keçir. Bir qədər də dəqiqləşdirsək, 2021-ci ildə Varşavada təşkil edilən qitə çempionatında 22 medal qazanıblar, bunlardan da 13-ü qızıl olub. Ümumilikdə 30 çəki dərəcəsindən 22-də medal qazanmaq o anlama gəlir ki, turnirə gələn hər 3 güləşçidən ikisi podiuma çıxır.
Təsəvvür edin ki, Rusiya komandasının iştirak etdiyi turnirdə onlardan sonra gələn ölkənin cəmi 3 qızıl medalı olub. Bu faktlar şimal qonşularımızın aşkar dominantlığından xəbər verir. Ən maraqlısı isə odur ki, Varşavadakı qitə çempionatında sərbəst güləşdə qızıl medalların sahibləri Şimali Qafqaz xalqları və Türkiyə təmsilçiləri olub. Bu isə güləşin coğrafiyasının göstəricisidir. Rusiya millisinə düşə bilməyən, ən güclülərindən zəif olan idmançıları isə başqa ölkələrə yollanmaqla uğur qazana bilirlər. Son Avropa çempionatına baxdıqda yenə də müxtəlif ölkələrin heyətində Şimali Qafqazdan olan idmançıları görə bilərdik.
Son illərdə milli komandamızın heyətində də belə güləşçilər var. Bir çoxları buna tənqidlə yanaşsalar da, bəziləri bu addımı dəstəkləyir. İlk növbədə burada Azərbaycanın adı vacibdir. Əgər legionerlər yerli idmançıların qarşısını kəsmirsə , əksinə, onların inkişafına kömək edirsə, bu, qəbuledilən siyasətdir.
Xorvatiyada keçirilən çempionatda komandamız Rusiyanın olmamasından lazımınca yararlandı. Qitə çempionatları tarixində ən yüksək nəticələrdən biri əldə edildi. Klassiklərimiz isə tarixinin ən yaxşı nəticəsini göstərdi. Komanda hesabında 2-ci yeri tutmaları ilə yanaşı bu, medalların əyarına görə Bakıda keçirilən ilk Avropa oyunlarından uğurlu göstəricidir. Sərbəst güləşçilərimiz isə komanda hesabında birinci oldular.
HAŞİYƏ: Yığma komandalarımızın uğuruna kölgə salmadan bu faktları qeyd etməyi lazım bildik. Eyforiyaya qapılmağa gərək yoxdur. Bəli, bu növdə güclülərdənik, amma son nəticələr həm də ələ düşən fürsətin yaxşı dəyərləndrilməsidir. Güləş federasiyasının rəhbərliyi sələflərindən daha yaxşı işlədikləri üçün medalların sayının artmasını qabartmasın. Yaxşı olar ki, əsas uğurları niyə milliləşənlərin deyil, yerli idmançıların qazanması üzərində baş sındırsınlar. Yuxarı çəkilərdə yerli idmançı qıtlığını bəhanə gətirmək yox, güləşçi yetişdirmək lazımdır. Potensial var, qalır işləmək.
Fərdi nəticələrə gəldikdə ilk növbədə Hacı Əliyevi qeyd etməliyik. Dördqat Avropa çempionu səviyyəsini aşağı salmaq fikrində deyil. Olimpiya Oyunlarının ərəfəsində bu, sevindirici məqamdır. Mariya Stadnik Avropada yenə də rəqibsiz olduğunu nümayiş etdirdi. Bəzi versiyalara görə, bu, onun 10-cu qızıl medalıdır. Onlarla yanaşı Əlabbas Rzazadə, Ülvi Qənizadə, Həsrət Cəfərovu qeyd etməliyik.
Kişilərdə tarixən hər şey qaydasında getdiyindən qadın güləşi bizi narahat edib. Bu baxımdan Jalə Əliyevanın gümüş medalını xüsusi vurğulamaq lazımdır. Gənc güləşçimiz ildən ilə zirvələrə doğru yaxınlaşır. Ümid edirik ki, Mariya Stadnikin bacara bilmədiyini Jalə edəcək.
İLQAR AĞAYEV