“Lex”in vitse-prezidenti Piotr Rutkovski bu mövsüm Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunları (1:0, 1:5) xatırlayıb. Polşa mətbuatına açıqlamasında o, Ağdam təmsilçisinə uduzaraq, mərhələ adlaya bilməməklərini məyusluqla xatırlayıb.
Rutkovski bu nəticənin çox ağır olduğunu deyib: “Hər şey Poznanda başladı. Çempionlar Liqasının təsnifat mərhələsinin startında “Qarabağ”a qalib gələrək (1:0) Azərbaycana böyük ümidlərlə yollandıq. Ancaq fəlakət baş verdi və 5 qol buraxdıq. Bu, ağrıdır. “Qarabağ”la oyunlardan əvvəl onları keçməyin çox çətin olacağını başa düşürdük. Yalnız intizamlı və ağıllı oyun sayəsində “Qarabağ”ı Poznanda məğlub etdik, Bakıda bunu təkrarlaya bilmədik. Niyə? Çünki zədəli futbolçularımız var idi və komandada baş məşqçi dəyişikliyi olmuşdu. Bəxtimiz gətirmədi. “Qarabağ”ın sonrakı oyunlarından xəbəriniz var. O, İsveçrə və Macarıstan çempionlarını nokaut etdi. Ancaq pley-off mərhələsində “Qarabağ”ı Çexiya “Viktoriya”sı dayandırdı. Bizimlə matçlarda “Qarabağ” daha güclü tərəf oldu və biz itirdik. Nəticədə Çempionlar Liqasının qrup mərhələsinə düşmək şansını və böyük pul qazanmaq imkanını əldən verdik”.
Qeyd edək ki, “Lex” ÇL-in 1-ci təsnifat mərhələsində evdə Ağdam təmsilçisinə 1:0 hesabı ilə qalib gəlsə də, Bakıda 1:5 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb. Komanda Konfrans Liqasının 1/4 finalında “Fiorentina” səddini keçə bilməyib və çıxışını başa vurub.