“Çelsi”nin baş məşqçisi olmaq istəməyən Yulian Naqelsmann digər London klubu “Tottenhem”lə danışıqları davam etdirir. Alman çalışdırıcı qərarını bu həftə verəcək.
Futbolinfo.az xəbər verir ki, bir ay öncə “Bayern”dən istefaya göndərilən Naqelsmann heyətlə bağlı istəkləri yerinə yetirilmədiyi üçün “zadəganlar”la razılığa gəlməmişdi. O, eyni problemi “Tottenhem” rəhbərliyi ilə müzakirələr zamanı da yaşayır. London klubu transferlərə böyük pullar ayırmaq niyyətində deyil.
“Tottenhem” alman məşqçi ilə danışıqları uğurla yekunlaşdıra bilməsə, Niderlanda yönələcək. İngiltərə mətbuatı klubun bu ölkədə bir məşqçi ilə gizli danışıq apardığını yazır. İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrikenin adı isə artıq siyahıda yoxdur.
“Çelsi” isə yeni məşqçisini demək olar müəyyənləşdirib. Tezliklə Mauritsio Poçettino ilə anlaşma rəsmən elan olunacaq. Argentinalı yayda işə başlamalıdır.