MBA-da bu gecə keçirilən iki görüşün gərginliyi və marağı buna qədər olan oyunların hamısını üstələyib. Həm Mayami , həm də Los-Ancelesdəki qarşılaşma mərhələnin bəzəyi olub.
“Los-Anceles Leykers” – “Memfis Qrizliz” görüşü həm də Lebron – Bruks mübahisəsinə görə bir qədər də şouya çevrilib. Dünənki oyunda Lebron Ceyms kimin kim olduğunu bir daha sübuta yetirib. Ulduz basketbolçu matçın sonuna 0.8 saniyə qalmış hesabı bərabərləşdirib, overtaymda isə Bruksun foluyla həlledici atışı yerinə yetirib.
Ümumilikdə Lebron görüşü 22 xal və 20 ribaundla tamamlayıb. Qonaqların əsas siması Morant bu dəfə də heç nə ilə yadda qalmayıb. Hətta onun həlledici ola biləcək atışına Devis blok qoyub. 117:11 hesabı ilə qalib gələn Los-Anceles təmsilçisi seriyada üstünlüyünü bir qədər də artırıb. 3:1. Növbəti oyun Memfisdə keçiriləcək.
Digər oyunda Mayami komandası “Miluoki Baks”ı məğlubiyyətə uğradıb – 119:114. Qələbənin dəyəri qonaqların optimal heyətdə oynaması ilə bir qədər də artıb. Yannis Adetokumbonun dönüşü də Miluoki komandasına yardım etməyib. Yunan basketbolçu görüşdə tripl-dabl edib (26 xal+10 ribaund+13 assist). Lakin “Hits”in heyətində Batlerin 56 xalı hər şeyi kölgədə qoyub. Qeyd edək ki, 56 xal toplamaqla o, MBA tarixində play-offlarda ən yaxşı 4-cü nəticə göstərib.
Oyuna gəldikdə isə qonaqların 4-cü periodda üstünlüyü əldən verdiyini görə bilərik. Oyun ərzində onların hesabda 14 top irəlidə olduğunu da qeyd etmək lazımdır. Bu seriyada da hesab 3:1-dir – Mayami basketbolçuları öndədirlər. Növbəti görüş Miluokidə baş tutacaq.